Sağlam ailə mövzusunda növbəti maarifləndirici tədbir keçiriləcəkdir
Fevralın 14-də Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin və Müdafiə Nazirliyinin birgə təşkilatçılığı ilə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində “Sağlam ailə sağlam gələcəyin təminatıdır” mövzusunda maarifləndirici tədbir keçiriləcəkdir.
Komitənin mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, tədbirin keçirilməsində məqsəd gənc nəslin Azərbaycan xalqının tarixinə, mədəni irsinə, adət-ənənələrinə və milli-mənəvi dəyərlərinə hörmət ruhunda tərbiyə olunmasına yardım etməkdir. Gənclər arasında ailə dəyərlərinin qorunub saxlanılması və onlara sağlam həyat tərzinin aşılanması tədbirin əsas hədəflərindəndir.
Tədbirdə gənclərə ailə ekologiyası, nikaha daxil olan şəxslərin tibbi müayinəsi və nikah müqaviləsinin əhəmiyyəti, hüquqi aktlar və gənc nəslin psixoloji durumuna təsir edən amillər barədə zəruri məlumatlar çatdırılacaqdır.
AzərTac.az