Sabirabad rayonuna 5 milyon manat ayrılıb
Azərbaycan Prezidenti İlham Əliyev Sabirabad rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında sərəncam imzalayıb.
Sərəncamda qeyd olunur ki, Sabirabad rayonunun sosial-iqtisadi inkişafının daha da sürətləndirilməsi məqsədi ilə Sabirabad Rayon İcra Hakimiyyətinə Azərbaycan Respublikasının 2014-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Prezidentinin ehtiyat fondundan 2 milyon manat ayrılsın.
Son illərdə Sabirabad rayonunun sosial-iqtisadi həyatında əsaslı dəyişikliklər baş verib, əhalini narahat edən problemlərin həlli və infrastruktur layihələrinin yerinə yetirilməsi sahəsində mühüm tədbirlər həyata keçirilib, əsas kapitala yönəldilmiş vəsait 168,5 dəfə, o cümlədən tikinti quraşdırma işləri 178,5 dəfə artıb, Olimpiya İdman Kompleksi, Bayraq meydanı, “Asan Xidmət” Mərkəzi tikilib, rayon mədəniyyət evi əsaslı təmir olunub, 3800 şagird yerlik 12 məktəb, 100 yerlik uşaq bağçası inşa edilib, şəhərin su təchizatı sistemi yenidən qurulub, yeni kənd təsərrüfatı və emal müəssisələri yaradılıb, 29 modul tipli sutəmizləyici qurğu quraşdırılıb, müasir istixana kompleksləri, 12 min tonluq regional logistik baza istifadəyə verilib, avtomobil yolları çəkilib, körpülər salınıb, genişmiqyaslı abadlıq-quruculuq işləri aparılıb.
Dövlət başçısı, həmçinin Sabirabad rayonunun Suqovuşan-Qaralar-Qəfərli-Əhmədabad-Nərimankənd-Həşimxanlı avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.
Sərəncamda deyilir ki, 20 min nəfər əhalinin yaşadığı 10 yaşayış məntəqəsini birləşdirən Suqovuşan-Qaralar-Qəfərli-Əhmədabad-Nərimankənd-Həşimxanlı avtomobil yolunun tikintisi məqsədi ilə Azərbaycan Respublikasının 2014-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Prezidentinin ehtiyat fondundan Sabirabad Rayon İcra Hakimiyyətinə ilkin olaraq 3 milyon manat ayrılsın.
Maliyyə Nazirliyinə bu sərəncamlarda nəzərdə tutulan məbləğdə maliyyələşməni müəyyən olunmuş qaydada təmin etmək tapşırılıb.
Trend.az