Sabah Bakıda YUNESKO-nun Qeyri-Maddi Mədəni İrsin Qorunması üzrə Komitəsinin 8-ci sessiyası öz işinə başlayır
2-7 dekabr 2013-cü il tarixində Bakıda YUNESKO-nun Qeyri-Maddi Mədəni İrsin Qorunması üzrə Hökumətlərarası Komitəsinin 8-ci sessiyası keçiriləcək.
Trend-in məlumatına görə, Komitənin sədri seçilmiş Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin sədrliyi ilə keçiriləcək sessiya zamanı, həmçinin Qeyri-Maddi Mədəni İrsin Qorunması üzrə Konvensiyanın 10 illik yubileyi də qeyd olunacaq.
Dekabrın 2-də 95 ölkədən 600 nəfərdən artıq nümayəndənin iştirak edəcəyi sessiyanın açılış mərasimi və yerli və beynəlxalq jurnalistlərin iştirakı ilə mətbuat konfransı keçiriləcək.
Hökumətlərarası Komitənin bu sessiyasına beynəlxalq ictimaiyyət, media və iştirakçıların daha böyük həvəs və marağı hiss olunur. Sessiya öz işinə 2 dekabr tarixində başlayır və onun gündəliyində duran ən əsas məsələ Təcili Qorunmaya Ehtiyacı olan Qeyri-Maddi Mədəni İrsin Siyahısı və Bəşəriyyətin Qeyri-Maddi Mədəni İrsinin Reprezentativ Siyahısı üzrə qərar verilməsidir. Təcili Qorunmaya Ehtiyacı olan Qeyri-Maddi Mədəni İrsin Siyahısında Azərbaycanın qədim Çövkən oyunu da yer alıb.
Sessiya çərçivəsində Konvensiyanın milli səviyyədə icrası ilə bağlı dövri hesabatların dinlənilməsi, geniş tərkibli müzakirələr və mədəni tədbirlər planlaşdırılıb.
Son onilliklər ərzində qeyri-maddi mədəni irsin əhəmiyyətinin tanınması və Qeyri-Maddi Mədəni İrs üzrə 2003-cü il Konvensiyası dünyada geniş auditoriya tərəfindən qəbul olunur. Bu Konvensiya 195 ölkənin 155 üzvü tərəfindən yüksək göstərici ilə qəbul edilib və 10 illik yubileyinin bu ilə təsadüf etməsi tədbirin əhəmiyyətini daha da artırır.
Qeyd edək ki, Konvensiyanın qəbulu mədəni müxtəlifliyin təşviqində beynəlxalq strategiyaların inkişaf etdirilməsində əsas mərhələ olub. Belə ki, beynəlxalq cəmiyyət ilk dəfə olaraq mədəni təzahür və ifadələrin qorunması ehtiyaclarını tanıyıb. Konvensiyanın 10 illik yubileyi ilə əlaqədar 2013-cü ilin əvvəllərində qeyri-maddi mədəni irsin qorunması ilə bağlı aidiyyəti tərəfdaşların yerli, regional və beynəlxalq səviyyədə təşkil etdiyi tədbirlər və fəaliyyətlər haqqında məlumatları dünya ictimaiyyəti ilə paylaşmaları üçün platforma yaradılıb. Bu münasibətlə beynəlxalq konfrans isə 14-16 iyun 2013-cü il tarixində Çinin Çenqdu şəhərində keçirilmişdi.
Tədbirlər yekunlaşdıqdan sonra dekabrın 8-də qonaqların Qobustan Dövlət Tarix və Bədii Qoruğu, Qala Dövlət Tarix-Etnoqrafiya Qoruğu, Azərbaycan İncəsənət Muzeyi, İçərişəhər və Bakının digər görməli yerlərinə səyahəti planlaşdırılıb.
YUNESKO-nun beynəlxalq əhəmiyyətli bu tədbiri Azərbaycanın zəngin mədəni irsinin qorunması, eyni zamanda, ölkəmizin mədəni və turizm imkanlarının təşviq olunması və ölkəmizə marağın artırılması baxımından əhəmiyyətli hadisədir.