Hər bir cəmiyyətin müəyyən olunmuş birgəyaşayış qaydaları və bu qaydaları təmin edən hüquq normaları mövcuddur. Bu qaydaları məcəlləşdirən və ümumməcburi davranış qaydalarına çevirən dövlət isə bu normaların cəmiyyətə tətbiqi və onlara əməl edilməsinə nəzarəti həyata keçirir. Bu məcəlləşdirilmiş hüquq sahələrindən biri də mülki hüquq normalarıdır. Azərbaycan Respublikasında son dövrlər aparılan hüquq islahatları bu sahədə müəyyən irəliləyişlərin olmasına şərait yaratmışdır. Azərbaycan Respublikası Konstitusiyasının III fəsli əsas insan və vətəndaş hüquqları və azadlıqlarına həsr olunmuşdur. Burada nəzərdə tutulan azadlıqlar çərçivəsində hər bir vətəndaşın azad fikir və azad düşüncə azadlığı tanınır. Konstitusiyanın 47-ci maddəsində təsbit olunmuş fikir və söz azadlığı maddəsi son dövrlərdə olduqca çox müzakirə olunan maddələrdəndir. Belə ki, qəzet və jurnallarda çap olunan məqalələrdə, televiziya və radio verilişlərində efirə verilən proqramlarda kimlərinsə şərəf və ləyaqətinə toxunan yazı və verilişlər olur. Bu da digər tərəfin öz hüquqlarını qoruması üçün məhkəmələrə müraciət etməsinə səbəb olur. Məhkəməyə müraciət edən vətəndaşlar və təşkilatlar mənəvi zərərin ödənilməsi məsələsini məhkəmədən tələb edir. Bu sahədə isə yəni Mülki Məcəllədə şərəf və ləyaqətin müdafiəsi, həmçinin mənəvi zərərin ödənilməsini tənzimləyən normalarda bir sıra boşluqlar mövcuddur.
Mülki Məcəllənin 23-cü maddəsi şərəfin, ləyaqətin və işgüzar nüfuzun müdafiəsi məsələlərini tənzimləyir. «Fiziki şəxs onun şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən, şəxsi və ailə həyatının sirrini və ya şəxsi toxunulmazlığını pozan məlumatların məhkəmə qaydasında təkzib olunmasını tələb edə bilər, bu şərtlə ki, həmin məlumatları yaymış şəxs onların həqiqətə uyğun olduğunu sübuta yetirməsin. Faktiki məlumatlar natamam dərc edildikdə də, əgər bununla şəxsin şərəfinə, ləyaqətinə və ya işgüzar nüfuzuna toxunulursa, eyni qayda tətbiq edilir». Mülki Məcəllənin bu maddəsi ilə müdafiə olunan şəxsi qeyri-əmlak hüquqlarının və qeyri-maddi nemətlərinin dairəsi genişləndirilməlidir. Bunu Konstitusiya Məhkəməsi 2002-ci il 31 may tarixli qərarı ilə Azərbaycan Respublikası Milli Məclisinə tövsiyyə etmişdir. Həyat, səhhət, (sağlamlıq), sərbəst hərəkət, ad, müəlliflik hüququ və s. qeyri maddi nemətlər və şəxsi qeyri-əmlak hüquqları və onların müdafiəsi bu maddədə, Mülki Məcəllənin başqa maddələrində nəzərdə tutulmalıdır.
İqtisadi, sosial və mədəni hüquqlar haqqında Beynəlxalq Pakta görə, insanın şərəf və ləyaqəti onun iqtisadi, sosial və mədəni hüquqlarının mənəvi əsasını təşkil edir. Azərbaycan Respublikası Konstitusiyasının 46-cı maddəsinə görə şəxsiyyətin şərəf və ləyaqəti dövlət tərəfindən qorunur. Heç bir hal şəxsiyyətin ləyaqətini alçaldılmasına əsas verə bilməz. Hər kəsin öz şərəf və ləyaqətini qorumaq hüququ vardır. Azərbaycan Respublikasının vətəndaşları Konstitusiya ilə onlara verilmiş fikir, söz, mətbuat, məlumat və yaradıcılıq azadlıqlarını həyata keçirdikdə, bir qayda olaraq, qanunlara riayət edir, başqalarının hüquqlarına hörmətlə yanaşmalıdırlar. Hər kəsin hüquq və azadlıqları digərinin hüquq və azadlıqlarının başladığı yerdə qədərdir. Buna baxmayaraq, qeyd etmək lazımdır ki, bəzi vətəndaşlar və kütləvi informasiya vasitələri onlara verilmiş bu hüquq və azadlıqlardan istifadə etdikdə başqalarının şərəf və ləyaqətinə toxunan, onları ləkələyən hərəkətlərə yol verirlər. Bunun nəticəsi olaraq son dövrlər məhkəmələrdə vətəndaşların şərəf və ləyaqətlərinin müdafiəsi ilə əlaqədar işlərin sayı xeyli artmışdır. Bəzi hallarda isə məhkəmələr tərəfindən Mülki Məcəllənin bu maddəsi düzgün tövsüf olunmur. Bu isə neqativ halların yaranmasına səbəb olur. Belə ki, qəzet və jurnallarda əsasən vəzifəli şəxslər barəsində çap olunmuş məlumatların həqiqətə nə dərəcədə uyğun olub-olmamasından asılı olmayaraq yüksək məbləğli mənəvi pul tələbləri məhkəmələr tərəfindən təmin olunur. Bu isə söz və fikir azadlığının məhdudlaşdırılmasına şərait yaradır. Digər tərəfdən baxdıqda Mülki Məcəllənin bu maddəsi fikrə və sözə görə cəzalandırma vasitəsinə çevrilir. Bu halları aradan qaldırmaq üçün MÜlki Məcəllədə bir sıra əlavə və dəyişikliklərə ehtiyac vardır. İlk növbədə maddi zərərin məbləği məsələsində olan boşluq, ikinci növbədə isə mənəvi zərərlə bağlı iddia qaldıra biləcək şəxslərin dairəsinin müəyyən olunması vacibdir. Çünki Mülki Məcəllənin 23.6-cı maddəsi bir sıra problemlər yaradır.
Göstərilənləri tənzimləmək üçün yəni şərəfin, ləyaqətin və işgüzar nüfuzun qorunmasının təmin olunması üçün Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 may 1999-cu il tarixli qərarı vardır. Bu qərar olduqca maraqlıdır. Belə ki, həmin qərarda göstərilir ki, şərəf və ləyaqətin müdafiəsi üçün nəinki barələrində həqiqətə uyğun olmayan məlumatlar yayılmış şəxslər, habelə həmin məlumatların təkzib edilməsində öz maraqları olan digər şəxslər də məhkəmədə iddia (vərəsələr, ailə üzvləri, qohumlar, şərik müəlliflər və s.) qaldıra bilərlər. Hətta maraqlı şəxslərin tələbləri üzrə vətəndaşın şərəf və ləyaqətin müdafiəsinə qanunla onun ölümündən sonra da yol verilir. Məhkəmələr şərəf və ləyaqətin müdafiəsi barədə işlərə baxarkən üç halı aydınlaşdırmalı və onlara məcmu halda hüquqi qiymət verməlidir: məlumatın vətəndaşların və təşkilatların şərəf və ləyaqətini ləkələməsi; həmin məlumatların doğru olması; bu məlumatların yayılması. Mülki Məcəllənin 23.6-cı maddəsini möhkəmləndirən bu bəndə istinad edən təşkilatlar şərəf və ləyaqətin müdafiəsi barədə mənəvi iddialar qaldırırlar.
Mülki Məcəllənin 23.6-cı maddəsində qeyd edilir ki, «bu maddənin fiziki şəxsin işgüzar nüfuzunun müdafiəsinə dair qaydaları müvafiq olaraq hüquqi şəxsin işgüzar nüfuzunun müdafiəsinə də tətbiq olunur». Bununla fiziki şəxsin işgüzar nüfuzunun müdafiəsinə dair qaydalar avtomatik olaraq hüquqi şəxslərə aid edilə bilməz. Mülki Məcəllənin bu maddəsi məhkəmə təcrübəsinə öz mənfi təsirini göstərməkdədir. Hüquqi şəxslər də mənəvi zərərin ödənilməsi tələbini irəli sürürlər, bu da absurddur. Ali Məhkəmə Plenumunun həmin qərarında göstərilmiş «Məlumatın vətəndaşların və təşkilatların şərəf və ləyaqətini ləkələməsi» müddəası da dolaşıqlıq yaradır. Təşkilatın şərəf və ləyaqətin müdafiəsi ilə bağlı hansı iddiası ola bilər? Bu məsələlərin Mülki Məcəllədə xüsusi olaraq ayrı-ayrılıqda verilməsinə, yəni fiziki şəxslərin və hüquqi şəxslərin ayrı maddələrdə verilməsi bu dolaşıqlığı aradan qaldıra bilər. Ümumiyyətlə «işgüzar nüfuz» və onun aid olduğu şəxslərin dairəsi qanunda dəqiqləşdirilməlidir. Məsələn: bunun ancaq sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslərə aid olması fikri geniş yayılıb.
Şərəf və ləyaqəti alçaldan məlumatlar əxlaqi prinsiplər, istehsal-təsərrüfat, xidmət və ictimai fəaliyyətlə əlaqədar cəmiyyət, kollektiv və yaxud ayrı-ayrı şəxslər arasında vətəndaş barəsində mənfi rəy yaradırsa, o, şərəf və ləyaqəti ləkələyən məlumat hesab edilir. İşində və fəaliyyətində yol verdiyi nöqsanlara görə vətəndaşın tənqid edilməsi onun şərəf və ləyaqətinin ləkələnməsi kimi qiymətləndirilə bilməz. Məlumat başqa şəxsə, bir neçə şəxsə və yaxud qeyri-müəyyən şəxslər dairəsinə bildirildikdə yayılmış hesab edilir. Məlumat mətbuatda dərc edilməklə, radio və televiziya verilişlərində səsləndirilməklə, kinoxronikal proqramlarda nümayiş etdirilməklə, əsərlərdə təsvir edilməklə, yığıncaq və toplantılarda deyilməklə, məktub, ərizə və şikayətlərdə göstərilməklə, idarə, müəssisə və təşkilatlardan çıxan sənədlərdə qeyd edilməklə və s. üsullarla yayıla bilər. Məlumatın ona aid olan şəxsə təklikdə bildirilməsi həmin məlumatın yayılması sayılmır.
Qanunla xüsusi şikayət verilmə qaydası müəyyən edilmiş rəsmi sənədlərdə (məsələn, məhkəmə, istintaq orqanlarının qərarlarında və s. rəsmi sənədlərdə) olan məlumatların təkzib edilməsinə Azərbaycan Respublikası Mülki Məcəlləsinin qaydaları tətbiq edilmir. Belə rəsmi sənədlərdən şikayətlərə müvafiq qanunvericilik aktlarında (mülki, əmək, cinayət və mülki-prosessual və s. qanunvericilik aktlarında) müəyyən edilmiş qaydalarda baxılır. Lakin cinayət, mülki və inzibati hüquq pozuntusu haqqında işin materiallarına əsasən hazırlanıb kütləvi informasiya vasitələrində istifadə olunmuş yazılarda verilən məlumatlar maraqlı şəxslər tərəfindən onların şərəf və ləyaqətlərinin ləkələnməsi kimi qiymətləndirildikdə bu cür iddialara da şərəf və ləyaqətin müdafiəsi qaydasında baxıla bilər.
Vətəndaşın şərəf və ləyaqətini ləkələyən məlumatlar kütləvi informasiya vasitələri ilə yayıldıqda, onların həqiqətə uyğun olmaması sübut edildikdə, bu, həmin kütləvi informasiya vasitəsində təkzib edilməlidir. Bu məsələ Mülki Məcəllənin 23.2-ci maddəsi ilə tənzimlənir. 23.3-cü maddəyə görə «kütləi informasiya vasitələrində hüquqlarına və ya qanunla qorunan mənafelərinə toxunan məlumatlar dərc edilmiş fiziki şəxsin həmin kütləvi informasiya vasitələrində öz cavabının dərc edilməsi hüququ vardır». Bu kütləvi informasiya vasitəsində yayılmış məlumatda vətəndaşın şərəf və ləyaqətini ləkələyən əlamətlər olmadıqda, lakin məlumat onun mənafeyinə toxunduğu hallara şamil edilir. Əgər redaksiya vətəndaşın bu hüququnu təmin etməzsə, o zaman qanunla müəyyən olunmuş qaydada məhkəməyə müraciət edilə bilər. Şərəf və ləyaqətin müdafiəsi hüququ konstitusyon hüquq olmasına əsaslanaraq maraqlı şəxslər şərəf və ləyaqətin müdafiəsi üçün kütləvi informasiya vasitəsinin təkzib verməsini tələb etmədən birbaşa məhkəməyə müraciət edə bilərlər.
Məhkəməyə müraciət edərək şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən məlumatları yaymış şəxslərdən dəymiş mənəvi zərərin əvəzini tələb etmək hüququ tam aydın olaraq Mülki Məcəllədə göstərilməmişdir. 23.4-cü maddədə deyilir «şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən məlumatlar yayılmış fiziki şəxsin həmin məlumatların təkzibi ilə yanaşı, onların yayılması nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsini tələb etmək hüququ vardır». Mülki Məcəllənin bu maddəsində «vurulmuş zərərin» sözlərindən sonra «mənəvi zərərin» sözləri əlavə edilməsi məqsədə müvafiq olardı.
Şərəf, ləyaqət və işgüzar nüfuz haqqında məsələ, hər şeydən əvvəl, insan hüquqlar, onların real təminatı haqqında məsələdir. Hər kəsin şərəf, ləyaqət və nüfuzu bir-biri ilə sıx bağlı olan mənəvi, əxlaqi, sosial dəyərlər olduğuna görə dövlət tərəfindən müdafiə olunur. Vətəndaşın şərəf, ləyaqət və işgüzar nüfuzu konstitusiya və digər qanunvericilik aktları ilə qorunur. İnsanlar öz aralarında ictimai münasibətlərə, yəni mürəkkəb və çoxtərəfli münasibətlərə girdikləri üçün şərəf, ləyaqət və işgüzar nüfuz real olaraq mövcud olur. Şərəf, ləyaqət və işgüzar nüfuz hüququ, vətəndaş və ya hüquqi şəxsin mənəvi, işgüzar və digər cəhət və xassələrinin özünüqiymətləndirməsi hüququdur ki, cəmiyyətdə bu şəxslərin mövqeyi onlardan asılıdır. İnsan Hüquqları Haqqında Ümumi Bəyannamənin giriş hissəsində qeyd olunur ki, ləyaqət hissi yer üzündə bütün insanlara xasdır. Ancaq insanın azadlığı, yer üzündə ədalət və sülhün bərqərar olması vətəndaşların ləyaqət hissinin inkişafını və qorunmasını mümkün edir.
Şərəf və ləyaqət anlayışları bir-birinə yaxın olan əxlaqi kateqoriyalardır. Onlar arasındakı fərqlər bu anlayışların qiymətləndirilməsi zamanı yalnız subyektiv və obyektiv yanaşmada təzahür olunur. Hüquq ədəbiyyatlarında, eləcə də gündəlik həyatda şərəf, ləyaqət və işgüzar nüfuz anlayışları bir qayda olaraq, mənaca ciddi fərqləndirilmədən birgə işlədilir. Onlar məzmun etibarilə çox yaxın və əhəmiyyətli olsalar da, bir-birindən seçilir və bu fərq şərəf, ləyaqət və nüfuzun müdafiəsi məqsədilə hüquqi vasitələr seçmək üçün praktik əhəmiyyət kəsb edir.
Cinayət qanunvericiliyində cinayətin bilavasitə obyektini başqa şəxsin şərəf, ləyaqət və işgüzar nüfuzu təşkil edir. Şərəf-cəmiyyətin üzvü kimi insanın əxlaqi, mənəvi, mədəni keyfiyyətlərinə, başqa şəxslərə, dövlətə, cəmiyyətə münasibətinə görə ona verilən ictimai qiymətdir. Şərəf-cəmiyyətin üzvü kimi vətəndaşın sosial ölçüləri, əxlaqi keyfiyyətləri haqqında ona verilən ictimai qiymətdir. Dövlətə, cəmiyyətə, kollektivə və başqa şəxslərə münasibəti, davranışı və s. şəxsiyyətin qiymətini müəyyənləşdiri. Şərəf-cəmiyyətin vətəndaşa münasibətini müəyyən edən şəxsiyyətin obyektiv qiymətləndirilməsi, şəxsiyyətin mənəvi və digər keyfiyyətlərinin sosial qiymətləndirilməsidir. Göründüyü kimi, şərəf anlayışı şəxsin cəmiyyət tərəfindən onun mənəvi keyfiyyətləri nöqteyi-nəzərindən qiymətləndirilməsi ilə əlaqəlidir.
Hüquq ədəbiyyatında şərəf anlayışına müxtəlif təriflər verilmişdir. A.M. Erdelevskinin fikrincə şərəf-ictimai şüurda şəxsin cəmiyyət tərəfindən müsbət qiymətləndirilməsi ilə müşayiət olunan keyfiyyətlərinin əks olunmasıdır». Şərəf cəmiyyətin vətəndaşa münasibətini müəyyən edən şəxsiyyətin obyektiv, mənəvi və digər keyfiyyətlərinin sosial qiymətləndirilməsidir.
Cahangir Fəxrəddin oğlu Mahmudov
Hüquqşunas