Rusiya-Türkiyə Əməkdaşlıq Şurası nə vəd edir?

Posted by

Rusiya-Türkiyə Əməkdaşlıq Şurası nə vəd edir?

Rusiya-Türkiyə Əməkdaşlıq Şurası nə vəd edir?

 

Rusiya-Türkiyə Əməkdaşlıq Şurası nə vəd edir?

Bu gün Rusiya Prezidenti Vladimir Putinin Rusiya-Türkiyə Yüksək Səviyyəli Əməkdaşlıq Şurasının beşinci toplantısında iştirak etmək üçün Ankaraya rəsmi səfəri başlayır.

 

Putin səfər zamanı türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla Ankara-Moskva münasibətlərinin siyasi-iqtisadi inkişafı ilə yanaşı, regional məsələlər, o cümlədən “İslam Dövləti”nin yaratdığı real təhlükə müzakirə ediləcək.

 

Ankara və Moskvanın iqtisadi münasibətləri istənilən səviyyədə olmasa da, bu əlaqələrin tarixinə nəzər salsaq, iqtisadi münasibətlərin son illərdə əvvəlkindən daha yaxşı olduğunu görə bilərik. Ötən ilin rəsmi statistik məlumatlarına əsasən, Türkiyənin tikinti şirkətləri Rusiyanın müxtəlif bölgələrində ümumi dəyəri 2 milyard 233 milyon dollar olan 33 layihə reallaşdırır. İki il bundan əvvəl isə Türkiyə tikinti şirkətləri Rusiyada ümumi dəyəri 2 milyard 914 milyon dollar olan 64 layihə həyata keçiriblər.

 

Digər tərəfdən, Türkiyə Statistika İnstitutunun (TÜİK) hesabatına əsasən, 2012-ci ildə Türkiyə Rusiyadan 26 milyard 625 milyon 286 min dollar, 2013-cü ildə isə 25 milyard 64 milyon 885 min dollar dəyərində məhsul idxal edib. Türkiyədən Rusiyaya ixrac isə 2012-ci ildə 6 milyard 680 milyon 777 min dollar, 2013-cü ildə isə 6 milyard 964 milyon 209 min dollar təşkil edib.

 

Bütün bunlarla yanaşı, Ankara və Moskva qarşılıqlı ticarət dövriyyəsinin həcmini 2020-ci ilə qədər 100 milyard dollara çatdırmağı planlaşdırırlar.

 

Ticarət sahəsində Ankaranın ən böyük tərəfdaşı məhz Moskva olmasına baxmayaraq, Türkiyə bu sahədə Rusiyanın tərəfdaşları sırasında yalnız 7-ci yerdədir.

 

Putinin Ankara səfəri zamanı tərəflər arasında azad iqtisadi zonanın yaradılması, atom elektrik stansiyasının (AES) inşası, Rusiyadan idxal edilən qazın həcminin artırılması və bunun müqabilində Moskvadan qazın qiymətinə endirim edilməsi məsələləri də müzakirə olunacaq.

 

Bir çox siyasi analitiklər Rusiyanın Türkiyəyə qazın qiymətində güzəştə gedəcəyini, lakin kommersiya sirri olduğu üçün bu endirimin açıqlanmayacağını qeyd edirlər.

 

Tərəflər arasında müzakirə olunacaq ən önəmli mövzulardan biri Türkiyə ərazisində “Akkuyu” AES-in tikintisi məsələsi olacaq.

 

Rusiyanın “Rosatom” şirkətinin rəhbəri Sergey Kiriyenko Türkiyə mətbuatına verdiyi açıqlamada AES-in tikintisini “100 il davam edəcək evlilik” adlandırıb.

 

Kiriyenko Rusiyanın Türkiyəyə ən son nüvə texnologiyalarını ixrac etməyə hazır olduğunu da açıqlayıb.

 

Bütün bunlarla yanaşı, tərəflərin Suriya, 2005-ci ildən başlayan və bu vaxta qədər real nəticə verməyən Türkiyə-Avropa İttifaqı münasibətləri və heç şübhəsiz, Cənubi Qafqazdakı vəziyyəti də müzakirə edəcəkləri gözlənilir.

 

Türkiyə-Rusiyanın iqtisadi münasibətlərinin artan xətlə inkişaf etməsi heç də siyasi maraqların üst-üstə düşməsi anlamına gəlmir.

Ankara və Moskva arasında fikirayrılığı əsasən Suriya böhranının həlli və Ukrayna məsələsindədir.

 

Buna baxmayaraq, tərəflərin iqtisadi maraqlarının daha üstün olduğunu və iki ölkənin bu sahədə əməkdaşlığının inkişaf edəcəyini söyləmək olar.

 

Trend.az