Rusiya prezidentinin xüsusi nümayəndəsi: “Xəzərin statusunun müəyyənləşməsində tərəqqiyə nail olmaq üçün zəmin hazırlanıb”
İqor Bratçikov: “Mayın sonu – iyunun əvvəllərində İranda xüsusi işçi qrupun növbəti görüşü keçiriləcək”
“Xəzəryanı ölkələrin XİN rəhbərlərinin Moskva konfransı payızda Həştərxanda keçiriləcək sammitdə dənizin hüquqi statusuna dair məsələdə tərəqqi əldə etmək üçün zəmin hazırlayıb”. APA-nın xəbərinə görə, bunu Rusiya prezidentinin MDB ölkələri ilə sərhədlərin delimitasiyası və demarkasiyası üzrə xüsusi nümayəndəsi, xüsusi tapşırıqlar üzrə səfir İqor Bratçikov “RİA Novosti”yə açıqlamasında deyib. “Xəzərin gələcək hüquqi statusuna dair məsələlərdə ciddi irəliləyiş əldə edildi. Bu tərəqqini qarşıdakı sammitdə möhkəmləndirmək lazımdır”, – deyə o, söyləyib.
Diplomat bildirib ki, nazirlər gərgin işləyərək Həştərxan zirvə toplantısının gündəliyinə çıxarılacaq sənədlərin hazırlanmasında irəliləyişə nail olublar. O, sammitin gündəliyi ilə bağlı hər hansı fikir ayrılığının olmadığını vurğulayıb: “Hansısa xüsusi fikir ayrılıqları olmadı. Sənədlərin formulirovkası ilə bağlı bəzi problemlər qalır. Lakin qarşıda bir neçə ayımız var və hesab edirəm ki, bu müddətdə həmin məsələləri işləyib hazırlaya biləcəyik. Sammitə hazırlıqla əlaqədar ümumən prinsipial razılaşmalar əldə olundu”.
İ. Bratçikov qeyd edib ki, mayın sonu – iyunun əvvəllərində İranda Xəzəryanı ölkələrin xarici işlər nazirlərinin müavinləri səviyyəsində xüsusi işçi qrupunun görüşü keçiriləcək.
Apa.az