Rusiya Dövlət Dumasının deputatı: Danışıqlar prosesini mürəkkəbləşdirən hər hansı hərəkətlərin qarşısı qətiyyətlə alınmalıdır

Posted by

Xəbər verildiyi kimi, Moskvadakı “Çitay qorod” kitab mağazalarında “Stranı mira” (“Dünya ölkələri”) adlı ensiklopediya sərbəst satışdadır. Bu kitabda qondarma “DQR” barədə də məlumat var. Rusiya Dövlət Dumasının deputatı, Rusiya-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Dmitri Savelyev AZƏRTAC-ın müxbiri ilə söhbətində bu məlumatı şərh edərək deyib: “Dağlıq Qarabağ münaqişəsini dinc yolla, diplomatik vasitələrlə həll etmək üçün hazırda çox böyük səy göstərilir. Ali səviyyədə danışıqlar aparılır. Şübhəsiz, bu çox kəskin məsələdir. Bu münaqişə artıq neçə-neçə dinc sakinin – sadəcə yaşamaq, uşaqlarını böyütmək, dinc əməklə məşğul olmaq istəyən vətəndaşların həyatı bahasına başa gəlib. Ona görə də gərginliyin eskalasiyasına təhrik edən, danışıqlar prosesini mürəkkəbləşdirən hər hansı hərəkətlərin qarşısı, əlbəttə, qətiyyətlə alınmalıdır”.

Rusiyalı deputatın vurğuladığı kimi, başa düşmək lazımdır ki, bu gün dünyamızda neqativ geosiyasi proseslər onsuz da çoxdur. Ona görə də bizim kövrək dünyamızı qoruyub saxlamaq üçün məhz bu gün öz məsuliyyətimizi və münaqişənin dinc yolla tənzimlənməsinə maksimal dərəcədə kömək etməyin zəruriliyini dərk etməyə həmişəkindən daha çox ehtiyac var. D.Savelyev deyib: “Xüsusən soraq kitabı kimi istifadə edilə biləcək nəşrlərdə təhrif olunmuş məlumatların yayılmasına yol verilməməlidir. Axı bu, məsuliyyətdir, o cümlədən bizim övladlarımız qarşısında, gələcəyimiz qarşısında məsuliyyətdir. Belə məlumatların təqdim edilməsində korrektliyi gözləmək xüsusilə vacibdir”.

AZƏRTAC