Şərqi Azərbaycan əyalətinin başçısı: İrandakı azərbaycanlıların dili Urmiya gölü kimi məhv olmaq üzrədir
“Mövcud vəziyyət onu göstərir ki, İrandakı azərbaycanlıların dili Urmiya gölü kimi məhv olmaq üzrədir”. Bu sözləri İranın Sərqi Azərbaycan əyalətinin başçısı İsmayıl Cabbarzadə bu gün İranın Ətraf Mühitin Qorunması və Ekologiya Təşkilatının rəhbəri xanım Məsumə Ebtekar ilə əyalətdə keçirilən müşavirədə çıxışı zamanı deyib. Trend-in məlumatına görə, bu barədə İSNA agentliyi xəbər verir.
Cabbarzadə bildirib ki, Azərbaycan dili unikal xüsusiyyətlərə malik bir dildir və bu dilə daha çox diqqət yetirilməsi lazımdır: “Əyalətdə dövlət nümayəndələri Azərbaycan dili Akademiyasının təsis olunmasına çalışırlar. Hökumətdən istəyimiz budur ki, Azərbaycan xalqının ürəyini sevindirsin və bu akademiyanın açılması ilə bağlı işləri tezləşdirsin”.
Qeyd edək ki, İran Prezidenti Həsən Ruhani ötən il prezident seçkiləri öncəsi Təbriz şəhərində əhali qarşısında çıxışı zamanı demişdi ki, İranda yaşayan xalqların hamısı bərabər vətəndaşlıq hüquqlarına malik olmaldır: “İran xalqı vahid bir xalqdır, kim kürd, türk, lor, bəluç, türkmən, ərəb və farsı bir-birindən ayrı görürsə, o özü iranlı deyil”.
O, həmçinin Azərbaycan dili və ədəbiyyatı Akademiyasının yaradılacağı ilə bağlı təbrizlilərə söz vermişdi. Bu akademiyanın yaradılması ilə bağlı həmçinin imza toplama kampaniyası keçirilib.
İ.Cabbarzadə Şərqi Azərbaycan əyalətinin ekologiya sahəsində ən əhəmiyyətli problemlərindən birinin Urmiya gölünün hazırkı acınacaqlı vəziyyəti olduğunu deyib. O, bildirib ki, Urmiya gölünün qurumasına müxtəlif amillər səbəb olub, lakin düzgün idarəetmənin olmaması bu səbəblərin ən başlıcasıdır.
Urmiyada 32 milyard kubmetr su olmalıdır, lakin hazırda gölün suyu yarıyadək azalıb. İran hökuməti 2011-ci ilin sentyabrında Urmiya gölünün qurumasının qarşısının alınması üçün görüləcək tədbirlərə ümumilikdə 900 milyon dollar vəsait ayırmışdı. BMT-nin İnkişaf Proqramı İrana ölkədəki ekoloji problemləri, xüsusilə Urmiya gölündə yaranmış problemi həll etmək məqsədilə 135 milyon dollar məbləğində maliyyə yardımı ayırıb.
Trend.az