Roza Otunbayeva Fondu Qırğızıstanda Nizami Gəncəvi irsini təbliğ edir

Posted by

Roza Otunbayeva Fondu Qırğızıstanda Nizami Gəncəvi irsini təbliğ edirRoza Otunbayeva Fondu Qırğızıstanda Nizami Gəncəvi irsini təbliğ edir

Roza Otunbayeva Fondu Qırğızıstanda Nizami Gəncəvi irsini təbliğ edir

Diasporla İş üzrə Dövlət Komitəsindən AzərTAc-a verilən məlumata görə, Qırğızıstanın paytaxtı Bişkekdə səfərdə olan Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin baş katibi Rövşən Muradov bu ölkənin sabiq Prezidenti Roza Otunbayeva ilə görüşüb.

Görüşdə Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə Nizami Gəncəvi Beynəlxalq Mərkəzi və Madrid Klubunun 2015-ci ilin aprelində birgə keçirəcəyi III Qlobal Müştərək Cəmiyyətlər Forumuna hazırlıq məsələləri müzakirə edilib. Forumun qlobal əhəmiyyətini vurğulayan sabiq Prezident Mərkəzin dəvətini qəbul edərək növbəti tədbirdə iştirak edəcəyini bildirib. Xatırladaq ki, Roza Otunbayeva əvvəllər Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təsis toplantısında da iştirak edib.

Görüşdə Azərbaycan ilə Qırğızıstan arasında mədəni əlaqələrin daha da inkişaf etdirilməsində Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin rolu, Nizami irsinin Qırğızıstanda təbliği, Roza Otunbayeva Fondu ilə əməkdaşlıq məsələləri barədə də fikir mübadiləsi aparılıb. Sabiq Prezident rəhbərlik etdiyi Fondun layihələri çərçivəsində qırğız uşaqlarını dahi Azərbaycan şairi Nizami Gəncəvinin yaradıcılığı ilə tanış etdiklərini bildirib və bu fəaliyyəti gələcəkdə daha da genişləndirmək niyyətində olduqlarını deyib.

İki il əvvəl təsis olunmuş Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin məqsədi dahi Azərbaycan şairinin irsinin araşdırılması, əsərlərindəki ümumbəşəri ideyaların – xalqlar və mədəniyyətlər arasında dialoq, tolerantlıq və anlaşmanın dünyada təbliğ olunmasıdır. Bu istiqamətdə Madrid Klubu ilə sıx əməkdaşlıq edən Mərkəz, eyni zamanda, Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə 2013-cü və 2014-cü illərdə nüfuzlu siyasi liderlərin iştirakı ilə Qlobal Müştərək Cəmiyyətlər Forumu keçirib. Növbəti Forumda 40-dan artıq ölkənin sabiq və hazırkı dövlət və hökumət rəhbərlərinin iştirakı gözlənilir.

 

AzərTac.az