Romada İtaliya-Azərbaycan Assosiasiyasının cari ildəki fəaliyyətinə həsr olunmuş illik konfrans keçirilmişdir

Posted by

İtaliya-Azərbaycan

AzərTac xəbər verir ki, Romada İtaliya-Azərbaycan Assosiasiyasının cari ildəki fəaliyyətinə həsr olunmuş illik konfrans keçirilmişdir.

Konfransı açan İtaliya-Azərbaycan Assosiasiyasının sədri xanım Paola Kazaqrande rəhbərlik etdiyi qurumun həyata keçirdiyi çoxsaylı tədbirlər haqqında danışmışdır. Bildirmişdir ki, Romada keçirilmiş “Nizami Gəncəvi dünyasının rəngləri” mövzusunda sərgi, Dağlıq Qarabağ bölgəsinin Şuşa şəhərindən olan məcburi köçkün ailələrin uşaqları üçün “Həmrəy yay düşərgəsi” adlı humanitar layihə və ümummilli lideri Heydər Əliyevin anadan olmasının 90 illik yubileyi münasibətilə təşkil edilmiş konsert və digər tədbirlər ölkələrimiz arasında mədəniyyət, turizm, sosial sahələrdə ikitərəfli əlaqələrin genişləndirilməsinə yönəlmişdir.

Assosiasiyanın sədri növbəti illərdə qurumun reallaşdıracağı layihələr barədə də məlumat vermişdir. Diqqətə çatdırmışdır ki, əsas hədəf xalqlarımız arasında müxtəlif sahələrdə əməkdaşlıq əlaqələrinə töhfə verəcək silsilə tədbirlər keçirməkdir. O demişdir: “Hər iki ölkənin mədəniyyət və turizm potensialını nümayiş etdirmək, Azərbaycanın bu sahədə uğurlarını İtaliya xalqına çatdırmaq istiqamətində fəal iş aparırıq”.

Azərbaycanın İtaliyadakı səfiri Vaqif Sadıqov ölkələrimiz arasında siyasi, mədəni, iqtisadi və turizm əlaqələrinin genişləndirilməsi və təbliğ edilməsi istiqamətində mühüm layihələrin həyata keçirildiyini bildirmişdir. Qeyd etmişdir ki, münasibətlərimizin daha da inkişaf etdirilməsi üçün geniş imkanlar mövcuddur.

Assosiasiyanın yaranma tarixindən və fəaliyyətindən danışan səfir vurğulamışdır ki, 2013-cü ilin martında təsis olunan qurumun əsas məqsədi mədəniyyət, turizm və təhsil sahəsində ikitərəfli əlaqələri təbliğ etməkdir.

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə toxunan Vaqif Sadıqov diqqətə çatdırmışdır ki, Ermənistanın hərbi təcavüzü nəticəsində torpaqlarımızın 20 faizi işğal olunmuş, 1 milyondan artıq soydaşımız qaçqın və məcburi köçkün vəziyyətinə düşmüşdür. O demişdir: “Azərbaycan həqiqətlərinin İtaliya ictimaiyyətinə çatdırılması üçün Assosiasiyanın geniş imkanları vardır. Hesab edirəm ki, qurum bu istiqamətdə daha da fəal olacaqdır”.

Konfransda məruzə ilə çıxış edən Milli Məclisin deputatı, Azərbaycan-İtaliya parlamentlərarası dostluq qrupunun sədri Azər Kərimli gənc bir qurum olmasına baxmayaraq assosiasiyanın irimiqyaslı layihələr həyata keçirdiyini qeyd etmişdir.

Azərbaycanın tolerant bir ölkə olduğunu deyən Azər Kərimli diqqətə çatdırmışdır ki, müxtəlif xalqların və dinlərin nümayəndələri ölkəmizdə sülh və əmin-amanlıq şəraitində yaşayırlar. Beynəlxalq Tolerantlıq Günü ilə əlaqədar olaraq Azərbaycan dünyanın ən tolerant beş ölkəsi sırasına daxil edilmişdir. Ölkəmizdə heç bir zaman dini zəmində problemlər müşahidə olunmamışdır.

Tədbirdə İtaliya-Azərbaycan Assosiasiyasının təsisçiləri Marko Galimberti, Daniel Pommier Vinçelli, Ezio Sina və başqaları çıxış edərək qurumun fəaliyyətini yüksək qiymətləndirmiş, assosiasiyanın gələcək illərdə də Azərbaycan həqiqətlərinin İtaliya ictimaiyyətinə çatdırılmasına, ölkələrimiz arasında mədəniyyət, humanitar, turizm və digər sahələrdə əlaqələrin inkişafına töhfə verəcəyinə əminliklərini bildirmişlər.

Tədbir bədii kompozisiya ilə davam etdirilmişdir.