Qvatemala Konqresində Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzünü pisləyən qətnamə qəbul edilib
Qvatemala Konqresində Azərbaycan Respublikasının suveren ərazisinin istilasını və hərbi işğalını pisləyən, eləcə də Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq normalarına və BMT-nin qətnamələrinə uyğun olaraq sülh yolu ilə nizamlanması üçün Ermənistan Respublikasına çağırış edilən qətnamə səs çoxluğu ilə qəbul edilib.
Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, qəbul edilmiş qətnamədə 1992-ci il fevralın 26-da Xocalı şəhərində dinc əhaliyə qarşı soyqırımı aktının törədilməsi pislənilir.
Sənəddə Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı BMT Təhlükəsizlik Şurası tərəfindən tərəfləri dialoqa, münaqişənin həlli üçün mexanizm hazırlamağa çağıran və beynəlxalq səviyyədə tanınmış sərhədlər çərçivəsində ərazi bütövlüyü prinsipinə hörməti tələb edən qətnamələrin qəbul edildiyi, Qvatemalanın BMT-yə üzv dövlət kimi beynəlxalq hüquqa hörmət çərçivəsində universal dəyərlərin təmin olunmasına tərəfdar olduğu bildirilir.
AZƏRTAC