QMİ 20 Yanvar faciəsinin 24-cü ildönümü ilə əlaqədar bəyanat yayıb
Qafqaz Müsəlmanları İdarəsi 20 Yanvar faciəsinin 24-cü ildönümü ilə əlaqədar bəyanat yayıb.
QMİ-nin mətbuat xidmətindən Trend-ə daxil olan bəyanatda deyilir ki, 24 ildir ki, şəhid olanların, yaralananların, itkin düşənlərin ağrı-acısı qəlbimizdədir: “Bizim yaddaşımız – Azərbaycanın müstəqilliyi, dövlətçiliyimizin bərpası, torpaqlarımızın qaytarılması və ateist imperiyanın dağılması uğrunda mübarizənin ilk qurbanlarına – Allah-təala dərgahında ən yüksək məqamlardan sayılan şəhidlik zirvəsinə ucalanlara sonsuz ehtiramımızdır”.
Bəyanatda qeyd olunur ki, 20 Yanvar bizi müstəqilliyə, hürriyətə, milli-mənəvi dəyərlərin bərpasına aparan yolun ilk mübarizəsi və ilk mənəvi qələbəsi idi. Həmin gün silahlanmış sovet ordusunun cəza tədbirlərinə məruz qalan xalq diz çökmədi, azadlıq əzmini itirmədi, əksinə, haqq səsini daha da yüksəkdən bəyan etdi:
“Azərbaycanın taleyi, hətta xəritədəki varlığı şübhə altında olduğu bir vaxtda ilk olaraq Moskvadan xalqımızın mərd oğlu – müdrik dövlət xadimi Heydər Əliyev özünün etriaz səsini ucaltdı, qanlı cinayətin təşkilatçılarını qəzəblə ittiham etdi. Bakıda isə Qafqaz Müsəlmanları İdarəsi qanlı hadisələrin ilk günündən vəziyyətə nəzarət edən və əhalinin yeganə ümid yeri olan mərkəzə çevrildi, çoxmilyonluq insan axınının, ölüm-qalım problemlərinin önündə durdu. 20 Yanvar faciəsinin dünya ictimaiyyətinə, nüfuzlu beynəlxalq təşkilatlara çatdırilmasına, törədilən əməlin bəşəriyyətə qarşı amansız cinayət kimi qiymətləndirilməsinə çalışdı. Şeyxülislam Allahşükür Paşazadənin SSRİ Prezidenti Mixail Qorbaçova göndərdiyi qəzəb dolu məktubunda hadisələrə sərt və prinsipial münasibət bildirildi.
Biz bu gün də təəssüf edirik ki, bu faciə beynəlxalq aləmdə mövcud olan ikili yanaşmalar səbəbindən tam hüquqi qiymətini almayıb, cinayətkarlar məsuliyyətə cəlb olunmayıb və Azərbaycan xalqının cəlladları layiqli cəzalarını almayıblar. Lakin əminik ki, onlar Allah-taaalanın və Tarixin mühakiməsindən qaça bilməyəcəklər. Ona görə də, 20 Yanvar tarixi – şəhidlərimizi qürurla anmaq, xalqımızda, xüsusilə gənclərimizdə qəhrəmanlıq və vətənpərvərlik ruhunu tərbiyə etmək gününə çevrilibdir.
Dini mərkəz olaraq bəyan edirik ki, 20 Yanvar günü bütün məscidlərdə və dini məclislərdə şəhidlərin şəninə xütbələr deyiləcək, onların əziz ruhlarına Quran oxunacaq, dualar ediləcək, gənclərə Vətən, Haqq, Ədalət uğrunda, Qarabağ uğrunda haqq mübarizəmizdə qəhrəmanlıq ruhu təbliğ ediləcəkdir. Qafqaz Müsəlmanları İdarəsi 20 Yanvar şəhidlərinin, eləcə də Vətənimizin bütövlüyü, milli müstəqilliyimiz və Qarabağ ugrunda canlarını fəda etmiş bütün şəhidlərin ailələrinə dərin hüznlə başsağlığı verir, onlara Allahdan səbr və dəyanət arzulayır”.