“Qarabağdan söz düşəndə beynəlxalq təşkilatlar qulaqlarına pambıq tıxayır”
Modern.az xəbər verir ki, AvroNest Parlament Assableyasının vitse-prezidenti, deputat Elxan Süleymanov qurumun gələcək fəaliyyətindən danışıb. “AvroNestin fevralın 11-də siyasi komitəsi, fevralın 12-də sosial komitəsi və fevralın 13-də enerji komitəsinin iclasları olacaq. Burada ancaq məruzələr gözlənilir. Azərbaycanla bağlı ciddi heç bir şey yoxdur. Mayda isə məruzənin ikinci dəfə müzakirələri olacaq”.
Qarabağ münaqişəsinə toxunan millət vəkili heç bir irəliləyişin olmadığını vurğulayıb:
“Münaqişə həllində heç bir irəliləyiş yoxdur. Belə bir irəliləyişi dünya birliyindən gözləmək çox sadəlövhlükdür. Vətəndaş kimi deyə bilərəm ki, beynəlxalq təşkilatlar bunu qətiyyən həll etmək istəmir. Onlar hətta “Qarabağ problemi” ifadəsini eşidəndə qəzəblənirlər. Mən özüm bunun bir neçə dəfə şahidi olmuşam”. ATƏT-in Minsk Qrupunun fəaliyyətinə deyinən E. Süleymanov deyib: “Ermənilər sanki toxunulmazdır. Bütün beynəlxalq təşkilatlar onları öz əllərində körpə bala kimi qoruyurlar. Minsk Qrupunun hər hansı təmsilçisi cəbhə xəttində yaralansaydı, bunun da təqsirini Azərbaycan əsgərinin üstünə atardılar”.
AvroNest Parlament Assableyasının vitse-prezidenti Elxan Süleymanov Xocalı soyqrımının bu il hansı ölkədə tanınacağına da münasibət bildirib: “Bu barədə konkret söz deyə bilmərəm. Amma bununla bağlı lazımi işlər aparılır”.
Modern.az