“Qarabağda üç nəsil, bir soyqırımı” adlı konfrans və fotosərgi Brüsseldə də keçirilib
Brüssel Azad Universitetində Azərbaycan–Belçika Dostluq Cəmiyyətinin təşəbbüsü və Azərbaycanın Belçikadakı səfirliyinin dəstəyi ilə “Qarabağda üç nəsil, bir soyqırımı” adlı konfrans və fotosərgi keçirilib.
Fotosərgi universitetdə təhsil alan çoxmillətli tələbə auditoriyasına erməni terrorçuları tərəfindən törədilmiş vəhşiliklərlə fotoqrafların gözü ilə yaxından tanış olmağa imkan yaradıb.
Konfransda çıxış edən səfir Fuad İsgəndərov, Türkiyənin Belçikadakı səfiri M.H.Olcay, TÜRKSAM-ın rəhbəri, Türkiyə Böyük Millət Məclisinin üzvü Sinan Oğan və başqaları XX əsrdə erməni terrorçuları tərəfindən Azərbaycan və Türkiyə xalqlarına qarşı törədilmiş vəhşiliklərdən danışıblar. Dünyanın müxtəlif bölgələrində yaşayan türk əsilli insanların bu acı həqiqətlərlə bağlı məlumatlandırılması və həmin həqiqətlərin gələcək nəsillərə çatdırılması üçün bu kimi tədbirlərin keçirilməsinin önəmi vurğulanıb. Diqqətə çatdırılıb ki, yaxın gələcəkdə bu fotoların virtual bir muzeydə toplanması və daha geniş auditoriyaya təqdim edilməsi nəzərdə tutulur.
AzərTac.az