Qafqaz Müsəlmanları İdarəsi İranda fəaliyyətini genişləndirəcək
Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri, şeyxülislam Allahşükür Paşazadə İrana səfəri çərçivəsində QMİ-nin İrandakı nümayəndəliyinə baş çəkib.
QMİ-dən Trend-ə verilən məlumata görə, İdarənin İrandakı səlahiyyətli nümayəndəsi hacı Şamil Rəsulova müvafiq göstərişlərini verən şeyxülislam gələcəkdə nümayəndəliyin fəaliyyətinin daha da genişləndirilməsinin zəruriliyini vurğulayıb və işində uğurlar arzulayıb.
Görüşdə Allahşükür Paşazadə ilə yanaşı, QMİ sədrinin birinci müavini, müfti hacı Salman Musayev, İdarənin Elmi-Dini Şurasının sədri, akademik Vasim Məmmədəliyev, Nəşriyyat şöbəsinin müdir müavini, Video-elektron bölməsinin rəhbəri Elşən Mustafayev, Fətva şöbəsinin əməkdaşı Mircəfər Əyyubov, QMİ sədrinin səlahiyyətli nümayəndəsi, “Məşhədi Dadaş” məscidinin axundu hacı Şahin Həsənli, İdarənin əməkdaşı Həmid Bağırov, habelə Azərbaycanın İrandakı səfirliyinin birinci katibi Rəşadət Babayev və ikinci katibi Tariyel İsmayılov müşayiət ediblər.
Daha sonra QMİ sədrinin başçılıq etdiyi nümayəndə heyəti Qum şəhərində İmam Rzanın (ə) bacısı Xanım Məsumənin (ə) ziyarətgah kompleksini ziyarət ediblər.
A.Paşazadə İrana səfəri çərçivəsində ölkənin ali dini lideri ayətullah əl-üzma Seyid Əli Xamenei ilə görüşüb. Görüş zamanı İranın dini rəhbəri İslam aləmini təhdid edən dini radikalizm və ekstremizm problemləri və ondan çıxış yolları haqqında öz fikirlərini açıqlayıb.
Görüşdə din adı ilə törədilən cinayətlərin İslamla heç bir əlaqəsi olmadığı və belə halların İslama və bütün bəşəriyyətə qarşı bir təxribat olduğu vurğulanıb.
Qeyd edək ki, İran səfəri çərçivəsində A.Paşazadə ayətullah əl-üzma Məkarim Şirazi və ayətullah əl-üzma Cəfər Sübhani arasında da təkbətək görüşlər keçirib.
Trend/az