Prezident İlham Əliyev “Vətəndaşların müraciətləri haqqında” qanunu təsdiq etdi
Prezident İlham Əliyev “Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikasının 2015-ci il 30 sentyabr tarixli Qanununun tətbiqi barədə fərman imzalayıb.
Nazirlər Kabinetinə üç ay müddətində Azərbaycan Respublikası qanunlarının və Azərbaycan Respublikası Prezidentinin aktlarının “Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılması ilə bağlı təkliflərini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etmək; həmin Qanunun pozulmasına görə məsuliyyət müəyyən edən qanun layihəsini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etmək; həmin Qanunun 7.2-ci maddəsinə uyğun olaraq, dövlət orqanlarında, dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərdə və büdcə təşkilatlarında vətəndaşların müraciətləri ilə bağlı kargüzarlığın aparılması qaydasını hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etmək; həmin Qanunun 13.2-ci maddəsinə uyğun olaraq, dövlət orqanlarında, dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərdə və büdcə təşkilatlarında kargüzarlığın aparılmasına nəzarətin həyata keçirilməsi qaydasını hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etmək; həmin Qanunun 5.8-ci maddəsinə uyğun olaraq, ictimai əhəmiyyətli funksiyaları yerinə yetirən hüquqi şəxslərin siyahısını Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla təsdiq etmək; həmin Qanunun 15.3-cü maddəsinə uyğun olaraq telefon müraciət xidməti vasitəsilə şifahi müraciətlərin edilməsi, qəbulu, qeydiyyatı və cavablandırılması qaydasını Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla təsdiq etmək; Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat vermək: mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını nəzarətdə saxlamaq və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat vermək; həmin Qanundan irəli gələn digər məsələləri həll etmək tapşırılıb.
Müəyyən edilir ki, “Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikası Qanununun 7.2-ci, 12.7-ci və 13.2-ci maddələrində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir; həmin Qanunun 5.8-ci və 15.3-cü maddələrində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Nazirlər Kabineti həyata keçirir; həmin Qanunun 13.1-ci maddəsində nəzərdə tutulmuş səlahiyyətləri Azərbaycan Respublikası Prezidentinin Administrasiyası həyata keçirir.
“Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikası Qanununun 12.7-ci maddəsində nəzərdə tutulmuş məlumata dövlət orqanının qanunazidd qərarları və onun vəzifəli şəxsinin qanunazidd hərəkətləri (hərəkətsizliyi) barədə məlumatlar da daxil edilir.
Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların “Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat verəcək.
Trend.az