Prezident İlham Əliyev Tovuzçay su anbarının açılışını edib

Posted by

Prezident İlham Əliyev Tovuzçay su anbarının açılışını edib

 

Prezident İlham Əliyev Tovuzçay su anbarının açılışını edib

Prezident İlham Əliyev Tovuzçay su anbarının açılışını edib

Azərbaycan Prezidenti İlham Əliyev fevralın 16-da Tovuz rayonuna səfəri çərçivəsində Tovuzçay su anbarının açılışında iştirak edib.

 

Ölkəmizdə meliorasiya sahəsində də mühüm layihələr reallaşdırılır, yeni infrastruktur obyektləri tikilib istifadəyə verilir. Əsasını ulu öndər Heydər Əliyevin qoyduğu bu siyasət Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir, ölkənin su və meliorasiya təsərrüfatının daha da möhkəmləndirilməsi istiqamətində ardıcıl tədbirlər görülür. Bu da ondan irəli gəlir ki, meliorasiya və su təsərrüfatı həmişə olduğu kimi, bu gün də ölkəmizin iqtisadiyyatında aparıcı rolunu qoruyub saxlayır və bu sahə regionların sosial-iqtisadi inkişafında mühüm əhəmiyyətə malikdir. Meliorasiya və su təsərrüfatının daha da təkmilləşməsi ərzaq təhlükəsizliyinin təmin olunmasında da həlledici rol oynayır. Prezident İlham Əliyevin bu sahənin inkişafına yetirdiyi diqqətin nəticəsidir ki, Azərbaycanda nəhəng Şəmkir, Taxtakörpü su anbarları, Samur-Abşeron kanalı tikilib istismara verilib və digər iri layihələr icra edilib. Bu layihələrin tam icrası nəticəsində on minlərlə hektar torpaq dövriyyəyə buraxılacaq və minlərlə fermer bundan bəhrələnəcək. Həmçinin regionların sosial-iqtisadi inkişafı Dövlət proqramlarının icrası nəticəsində də ölkədə meliorasiya və su təsərrüfatının yenilənməsi sahəsində ciddi nailiyyətlər qazanılıb. Tovuzçay su anbarının istifadəyə verilməsi də bu sahənin inkişafına dövlət qayğısının göstəricisidir.

 

“Meliorasiya və Su Təsərrüfatı” Açıq Səhmdar Cəmiyyətinin sədri Əhməd Əhmədzadə dövlətimizin başçısına həyata keçirilən işlər barədə ətraflı məlumat verdi. Bildirildi ki, Tovuzçay su anbarı respublikanın qərbində, Tovuzçay və Axıncaçay çaylarının birləşdiyi ərazidə, Tovuz şəhərinin yaxınlığında yerləşir. Anbarın tikintisinə 1982-ci ildə “Azərdövlətsulayihə” İnstitutu tərəfindən hazırlanan layihə əsasında 1986-cı ildə başlanılıb. Layihəyə uyğun olaraq, bəndin nüvəsinə gil, onun sol sahilinin bir hissəsinə torpaq tökülüb, qülləli suburaxıcı tikilib. Lakin, vəsait çatışmazlığı üzündən tikinti işləri 1992-ci ildən dayandırılıb. İnşası yarımçıq qalan Tovuzçay su anbarının tikintisinin davam etdirilməsi Azərbaycan Prezidentinin 2004-cü il 11 fevral tarixli Fərmanı ilə təsdiq edilən və 2004-2008-ci illəri əhatə edən “Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı”na və 2005-ci il 14 oktyabr tarixli Sərəncamı ilə təsdiq olunan “Tədbirlər Planı”na daxil edilib. 2006-cı ildə isə tikinti işlərinə başlanılıb. Ümumi su tutumu 20 milyon kubmetr, faydalı həcmi 18 milyon kubmetr olan Tovuzçay su anbarının gil nüvəli torpaq bəndinin hündürlüyü 45 metr, üstdən eni 10 metr, uzunluğu isə 1340 metrdir. Anbarın su hövzəsinin sahəsi 160 hektar, uzunluğu 2,6 kilometrdir. Layihəyə uyğun olaraq, anbarda suburaxma qabiliyyəti saniyədə 250 kubmetr və uzunluğu 731 metr olan qəza sutullayıcısı, maksimum suburaxma qabiliyyəti saniyədə 125 kubmetr olan dəmir-beton borulu qülləli suburaxıcı, saniyədə 6 kubmetr suvarma suyunun verilməsi üçün uzunluğu 468,8 metr olan nov-kanal inşa olunub. Su anbarının inşası zamanı tarixi abidələrin mühafizəsi, köçürülməsi, avtomobil yolunun və körpülərin tikintisi, eləcə də digər tədbirlər həyata keçirilib. Belə ki, Qazqulu qəbiristanlığı, Şərif Sultan və Məhəmməd-Hüseyn Sultan türbələri köçürülüb. XVII əsr memarlıq abidəsi olan Sultan körpüsünün mühafizəsi üçün uzunluğu 344 metr olan torpaq damba tikilib. Həmçinin Vahidli kənd qəbiristanlığının mühafizəsi məqsədilə suyığıcı kanalın və mühafizə dambasının tikintisi həyata keçirilib. Bundan başqa, layihənin icrası zamanı Tovuzçay çayı üzərində 8 aşırımlı avtomobil körpüsü tikilib, bəndə və ətraf kəndlərə gedən, ümumi uzunluğu 6800 metr olan avtomobil yolu yenidən qurulub. Uzunluğu 86 metrdən çox olan Axıncaçay çayı üzərində körpünün tikintisi də başa çatdırılıb.

 

Görülən mühüm işlərdən biri də Tovuz və Şəmkir rayonlarının mövcud əkin sahələrinin su təminatının yaxşılaşdırılması məqsədilə bu sahələri suvarma suyu ilə təmin edən Ağstafaçay sağ sahil kanalına əlavə su verilməsi üçün sərfi saniyədə 1,5 kubmetr, uzunluğu 7004 metr olan polad boru kəmərinin tikintisidir.

 

Sonra Prezident İlham Əliyev Tovuz rayon ictimaiyyətinin nümayəndələri ilə görüşdü.

 

Dövlətimizin başçısı Tovuzçay su anbarını işə saldı.

 

Bildirildi ki, “Tovuzçay su anbarının tikintisinin davam etdirilməsi” layihəsində nəzərdə tutulan tədbirlərin tam başa çatdırılması nəticəsində Tovuzda 16886 hektar, Şəmkirdə isə 2939 hektar olmaqla ümumilikdə 19825 hektar mövcud torpaq sahələrinin su təminatı yaxşılaşdırılacaq. Eyni zamanda, Tovuz rayonunda 300 hektar yeni suvarılan torpaqlar suvarma suyu ilə təmin olunacaq. Bu da həmin ərazidə becərilən kənd təsərrüfatı bitkilərinin məhsuldarlığının artırılmasına müsbət təsir göstərəcək. Qeyd olundu ki, sululuğunun əsas hissəsi yaz dövrünə düşən Tovuzçay çayının axını tənzimlənmədiyindən bu sulardan səmərəli istifadə etmək mümkün olmur və Kür çayına axır. Kənd təsərrüfatı bitkilərinin suya ehtiyacı çox olan ilin isti aylarında isə Tovuzçay çayının su ehtiyatları kəskin azalır və tamamilə quruyur. Su anbarının tikintisi isə Tovuzçay çayının su ehtiyatlarının nizamlanması nəticəsində onun ehtiyatlarından səmərəli istifadə etməklə Tovuz və Şəmkir rayonlarının əkin sahələrinin su təminatının yaxşılaşdırılması mümkün olacaq. Layihədə anbarda yığılan suyun Tovuz və Şəmkir rayonlarının əkin sahələrinin təminatının yaxşılaşdırılması üçün bu sahələri suvarma suyu ilə təmin edən Ağstafaçay sağ sahil kanalına öz axını ilə və Xunamarx kanalına isə su verilməsi nəzərdə tutulub ki, bu işlər də tam başa çatdırılıb.

 

Sonda xatirə şəkli çəkdirildi.

 

Trend.az