Prezident İlham Əliyev: İlkin mərhələdə siyahı əsasında Türkiyə vətəndaşlarının vizasız gediş-gəlişi təmin ediləcək
“Biz artıq qərara gəldik ki, ilkin mərhələdə İqtisadiyyat Nazirliyindən veriləcək siyahı əsasında Türkiyə vətəndaşlarının Azərbaycana vizasız gediş-gəlişi təmin ediləcək”. Trend-in “TRT Haber” telekanalına istinadən verdiyi məlumata görə, bunu Azərbaycan Prezidenti İlham Əliyev Ankarada Türkiyə-Azərbaycan Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının üçüncü iclasından sonra keçirilən mətbuat konfransında türkiyəli jurnalistin viza rejiminin ləğvinə dair verdiyi sualı cavablandırarkən deyib.
Prezident bildirib ki, hər bir ölkənin, o cümlədən Azərbaycanın da viza ilə bağlı öz siyasəti var: “Ancaq istisna hal kimi elm adamları, idmançılar, iş adamları, tanınmış insanlar, Azərbaycanla sıx bağlı olan Türkiyə vətəndaşları üçün tamamilə vizasız rejim tətbiq ediləcək. Yaxın zamanlarda bu məsələ öz həllini tapacaq. Əminəm ki, bundan sonra belə suallara daha ehtiyac qalmayacaq”.
Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan isə mətbuat konfransında çıxışında bildirib ki, Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının üçüncü iclasında akademiklər, tələbələr və iş adamları üçün vizaların aradan qaldırılması məsələsi müzakirə edilib.