Prezident İlham Əliyev əfqanıstanlı həmkarı ilə görüşüb
Azərbaycan prezidenti İlham Əliyev ölkəmizdə işgüzar səfərdə olan Əfqanıstan İslam Respublikasının prezidenti Məhəmməd Əşrəf Qani ilə görüşüb.
APA-nın məlumatına görə, Azərbaycan prezidenti əfqanıstanlı həmkarını qarşılayıb, onlar birgə foto çəkdiriblər.
Daha sonra dövlət başçılarının nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə görüşü olub.
Prezident İ. Əliyev M. Qanini seçkilərdə qazandığı qələbə münasibətilə Azərbaycan xalqı adından və öz adından təbrik edib, ona fəaliyyətində uğurlar arzulayıb. “Bu səfər bizim əməkdaşlığımızın, dostluğumuzun göstəricisidir və mən əminəm ki, biz bütün sahələrdə əməkdaşlığımızı davam etdirəcəyik” deyən Azərbaycan prezidenti ölkələrimiz arasında çox yaxşı siyasi əlaqələrin olduğunu bildirib.
Azərbaycan və Əfqanıstanın hər zaman beynəlxalq təşkilatlarda bir-birini dəstəklədiklərini deyən dövlət başçısı qeyd edib ki, iqtisadi əməkdaşlıq üçün də yaxşı imkanlar mövcuddur, ticarət dövriyyəsi artır, bu sahədə yaxşı dinamika müşahidə olunur. Bu səfərdən sonra ticarət, investisiya, enerji və digər sahələrdə iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün əlavə tədbirlərin görüləcəyinə ümidvar olduğunu bildirən prezident İ. Əliyev ölkələrimiz arasında təhsil sahəsində əməkdaşlığın da mühüm əhəmiyyət kəsb etdiyini vurğulayıb.
“Biz hər sahədə fəal əməkdaşlığa hazırıq, çünki Əfqanıstan bizim üçün qardaş ölkədir və xalqlarımız əsrlər boyu sülh və dostluq şəraitində yaşayıb” deyən dövlət başçısı ölkələrimiz arasında əməkdaşlığı daha da genişləndirmək üçün bütün imkanlardan istifadə edilməsinin vacibliyini bildirib, Əfqanıstan prezidentinin ölkəmizə səfərinin yaxşı nəticələri olacağına əminliyini ifadə edib.
M. Qani isə ona və nümayəndə heyətinə göstərilən qonaqpərvərliyə görə təşəkkür edib. “İlk növbədə sizi Azərbaycanın möhtəşəm uğurları münasibətilə təbrik edirəm” deyən M. Qani bu gün prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə baş verən dəyişikliklərin bir örnək olduğunu vurğulayıb. Azərbaycanla müxtəlif sahələrdə əməkdaşlıq etmək niyyətində olduqlarını bildirən qonaq ölkəmizdə iqtisadiyyatın şaxələndirilməsi ilə bağlı həyata keçirilən islahatları öyrənmək arzusunu diqqətə çatdırıb. “Sizi Azərbaycanın neftə əsaslanan iqtisadiyyatını çox zəngin, şaxələndirilmiş iqtisadiyyata çevirməyiniz münasibətilə bir daha təbrik edirəm” deyən M. Qani Əfqanıstanda sülhyaratma missiyasına Azərbaycan hərbçilərinin verdiyi töhfəyə görə minnətdarlığını bildirib. O, İ. Əliyevə Əfqanıstana yatırılan investisiyalara görə də təşəkkür edib.
Görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı fikir mübadiləsi aparılıb. Dövlət başçıları həmçinin regional əməkdaşlıq, investisiya, energetika, inşaat, kənd təsərrüfatı, təhsil, mədəniyyət və digər sahələrdə əməkdaşlığın perspektivlərini müzakirə ediblər.
Sonra Azərbaycan və Əfqanıstan prezidentləri və Əfqanıstanın icra rəisi Abdulla Abdulla çay süfrəsi arxasında söhbəti davam etdiriblər.
APA.az