Prezident İlham Əliyev Bakı Paylayıcı Şəbəkəsinin yeni inzibati binasının və yarımstansiyalarının açılışında iştirak edib

Posted by

Yanvarın 17-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin Bakı Paylayıcı Şəbəkəsinin yeni inzibati binasının və yarımstansiyalarının açılışında iştirak edib.

Orijinal layihə əsasında inşa edilən yeni inzibati bina və 220 saylı yarımstansiya bir-biri ilə harmoniya yaratmaqla modern memarlıq üslubuna malikdir.

Prezident İlham Əliyev həmin obyektlərin rəmzi açılışını bildirən lenti kəsdi.

“Azərişıq” ASC-nin sədri Baba Rzayev görülən işlər barədə dövlətimizin başçısına məlumat verdi.

Bildirildi ki, hazırda “Azərişıq”ın balansındakı bütün energetika qurğularının binaları, eləcə də ofis və yardımçı texniki binalar ən müasir standartlara uyğun inşa edilir. Qeyd edilib ki, əlavə torpaq sahəsi ayrılmadan, sıxlığa səbəb olmadan istismar müddətini keçmiş açıq paylayıcı quruluşlu yarımstansiyaların yerində əsasən qapalı tipli yarımstansiyalar və ərazidən səmərəli istifadə etməklə inzibati binalar tikilir. Yenidənqurmadan sonra istifadəyə verilən 220 saylı yarımstansiyanın ərazisində paralel olaraq meqapolislərin şəhərsalma prinsiplərinə müvafiq qaydada modern memarlıq üslubunda “Azərişıq” ASC-nin Bakı Paylayıcı Şəbəkəsinin yeni inzibati binası inşa olunub. Ofis binası ən müasir standartlara uyğundur. Yeni inzibati binada milli və beynəlxalq memarlıq ənənələri üzvi şəkildə bir-birini tamamlayır.

Sonra dövlətimizin başçısına yeni yarımstansiya barədə məlumat verildi. Bildirildi ki, 1954-cü ildə tikilən və istismar müddəti başa çatan 220 saylı yarımstansiya tamamilə köhnəlmişdi. Prezident İlham Əliyevin sərəncamlarına əsasən Bakı şəhərində həyata keçirilən infrastruktur layihələri, çoxmənzilli binaların tikintisi ilə əlaqədar həmin sosial obyektlərin dayanıqlı elektrik təchizatını təmin etmək üçün bir sıra yarımstansiyaların, o cümlədən 220 saylı yarımstansiyanın yerində qapalı tipli, müasir avadanlıqlarla təchiz edilən yeni yarımstansiya, həmçinin ərazidən səmərəli istifadə etməklə Bakı Paylayıcı Şəbəkəsinin yeni inzibati binası inşa olunub. Paytaxtın Xətai, Nəsimi, Nərimanov və Səbail rayonlarının böyük hissəsini, o cümlədən bir çox strateji obyektləri elektrik enerjisi ilə təchiz edən yeni yarımstansiya əsaslı şəkildə genişləndirilib. Bu energetika qurğusunun gücü iki dəfədən çox artırılaraq 100 meqavoltamperə çatdırılıb. Hazırda həmin yarımstansiya 100 mindən çox sakini əhatə edən 25 min abonenti, həmçinin perspektivdə yaradılacaq obyektləri də elektrik enerjisi ilə təchiz etmək gücündədir. Yeni yarımstansiyaya “Sahil” yarımstansiyasından 35 kilovoltluq kabel xətti çəkilib. Bununla da mühüm əhəmiyyət kəsb edən Bakının qovşaq yarımstansiyalarının 35 kilovoltluq elektrik təchizatı sxeminin formalaşması işi başa çatdırılıb. Yarımstansiyada müasir tipli vakuum və eleqaz avadanlıqları, elektron tipli rele mühafizəsi və avtomatika sistemləri quraşdırılıb. Bununla yanaşı, həmin yarımstansiya SCADA – məsafədən dispetçer idarəetmə sisteminə qoşulub ki, bu da birbaşa elektron idarəetməni təmin edir.

Yeni inzibati binada əməkdaşların səmərəli fəaliyyəti üçün hər cür şərait yaradılıb. “Azərişıq” ASC-nin balansındakı bütün inzibati binalarda ən müasir informasiya-kommunikasiya texnologiyaları tətbiq edilir. Bakı Paylayıcı Şəbəkəsinin inzibati binasındakı iclas salonu da müasirliyi ilə seçilir. Burada qabaqcıl beynəlxalq təcrübədən geniş istifadə olunmaqla arxiv yaradılıb. Konfrans otağı da müasir tələblər səviyyəsində qurulub.

Sonra Prezident İlham Əliyevə Bakı Rayon Elektrik Təchizatı və Satışı İdarəsinin yenidən qurulan 110/35/10 kilovoltluq “Yasamal-1” yarımstansiyası barədə məlumat verildi. Bildirildi ki, “Yasamal-1” yarımstansiyası Bakı şəhərində tikilən ilk 110 kilovoltluq yarımstansiyalardan biridir. Həmin yarımstansiya fiziki və mənəvi baxımdan istismarını tam başa vurmuşdu, günün tələblərinə cavab vermirdi, artan yüklərin qarşılanmasında, istehlakçıların keyfiyyətli elektrik enerjisi ilə təchiz edilməsində problemlər yaranırdı. Yeni inşa olunan yaşayış binalarının artan güc tələbatını ödəmək, perspektiv inkişafa uyğun olaraq digər istehlakçıları dayanıqlı elektrik enerjisi ilə təmin etmək üçün “Yasamal-1” yarımstansiyası tamamilə yenidən qurularaq gücü iki dəfədən çox artırılıb. Həmin yarımstansiyada 35 və 10 kilovoltluq qapalı paylayıcı qurğular, məsafədən idarə edilən SCADA dispetçer mərkəzi inşa olunub. “Yasamal-1” yarımstansiyası dövlət əhəmiyyətli obyektlər də daxil olmaqla, Yasamal rayonunun böyük bir hissəsini elektrik enerjisi ilə təmin edir.

Prezident İlham Əliyev məsafədən idarə olunan SCADA dispetçer sistemi vasitəsilə 110 kilovoltluq “Yasamal-1” yarımstansiyasını işə saldı.

Sonra dövlətimizin başçısına 35/10-6 kilovoltluq 120 saylı və Qobu qəsəbəsi ərazisində yeni inşa edilən 110/35/10 kilovoltluq “Qobu” yarımstansiyaları barədə məlumat verildi.

Yasamal rayonu ərazisində 1949-cu ildə tikilib istismara verilmiş 120 saylı yarımstansiyanın da elektrik avadanlıqlarının istismar müddəti bitdiyindən və bu energetika qurğusu texniki parametrlərini itirdiyindən istehlakçıların elektrik təchizatında çətinliklər yaranırdı. Yasamal rayonunda tikilən çoxsaylı hündürmərtəbəli yaşayış binalarının, təhsil, tibb, sosial və məişət obyektlərinin elektrik təchizatını təmin etmək üçün yarımstansiyanın yenidən qurularaq gücləndirilməsi zərurəti yaranmışdı. Bu səbəbdən tamamilə yenidən tikilən 120 saylı yarımstansiyanın gücü də iki dəfə artırılıb. Yarımstansiyada 35, 10 və 6 kilovoltluq yeni qapalı paylayıcı qurğular inşa edilib, müasir tipli eleqaz və vakuum elektrik avadanlıqları, digər avtomatika sistemləri quraşdırılıb. Bununla da həmin yarımstansiya 110 kilovoltluq “Yasamal-1”, “Badamdar” və “Dağlıq” yarımstansiyalarından qidalanan 35 kilovoltluq elektrik təchizat sxeminə daxil edilib. Hazırda 120 saylı yarımstansiyadan dövlət əhəmiyyətli və iri enerji tutumlu obyektlər, yaşayış massivləri və digər sosial obyektlər elektrik enerjisi ilə təmin olunur.

Prezident İlham Əliyevə məlumat verildi ki, Qobu qəsəbəsinin ərazisində ilk dəfə 110 kilovoltluq yeni yarımstansiya inşa edilib. Son illərdə bu ərazidə yaşayış massivlərinin sürətlə artması, o cümlədən Qobu, Güzdək, Aşağı Güzdək, Hökməli, Sulutəpə, Masazır, Müşfiq qəsəbələrinin və Xırdalan şəhərinin böyük bir hissəsinin dayanıqlı elektrik enerjisi ilə təmin edilməsi üçün bu yarımstansiyanın inşası zəruri idi. Yarımstansiyanın 110 kilovoltluq 3-cü və 4-cü Puta hava xətlərinə birləşdirilməsi üçün 110 kilovoltluq dayaqlar quraşdırılıb, yaşayış məntəqələrini elektrik enerjisi ilə təmin etmək məqsədilə 10 kilovoltluq hava xətləri çəkilib. Yeni inşa edilmiş “Qobu” yarımstansiyasından çəkiləcək 35 kilovoltluq elektrik verilişi xətləri vasitəsilə “502” və “Hökməli” yarımstansiyalarının elektrik təchizatı təmin ediləcək.

Dövlətimizin başçısına “Azərişıq”ın elektrik təchizatı sxemi, 110 kilovoltluq “Bayramzadə” yarımstansiyası, Külək Elektrik Parkı və digər yenidənqurma layihələri barədə də məlumat verildi.

Bakı Paylayıcı Şəbəkəsinin inzibati binası və yeni yarımstansiyalarla tanış olan Prezident İlham Əliyev müvafiq tapşırıq və tövsiyələrini verdi.

AZƏRTAC