Prezident İlham Əliyevnoyabrın 7-də Avropa İttifaqıŞərq Tərəfdaşlığının xüsusi tapşırıqlar üzrə səfirlərindən ibarət nümayəndə heyətini qəbul edib.
Hazırda Avropa İttifaqı Şurasına sədrlik edən Estoniyanın Avropa İttifaqı Şərq Tərəfdaşlığında xüsusi səlahiyyətli səfiri Yaan Reynhold Avropa İttifaqı rəhbərliyi və qəbulda iştirak edən bütün səfirlər adından bildirib ki, təmsil etdiyi qurum Azərbaycanla əlaqələrə xüsusi diqqət göstərir və Azərbaycan-Avropa İttifaqı əməkdaşlığı çox müsbət şəkildə inkişaf edir.
Yaan Reynhold deyib ki, yeni sazişlə bağlı əhəmiyyətli irəliləyiş əldə edilib və Avropa İttifaqı bu istiqamətdə səylərini bundan sonra da əsirgəməyəcək. Yaxın vaxtlarda Brüsseldə keçiriləcək Şərq Tərəfdaşlığı Sammitinə toxunan səfir qeyd edib ki, Avropa İttifaqıŞərq Tərəfdaşlığına və bu tərəfdaşlıqla bağlı olan layihələrə tam sadiqdir və bu əməkdaşlığı yüksək qiymətləndirir. Diplomat bir daha vurğulayıb ki, Avropa İttifaqı-Azərbaycan əlaqələri pozitiv və dinamik şəkildə inkişaf edir.
Azərbaycan prezidentinin Brüsselə son səfərinə toxunan Yaan Reynhold bildirib ki, təmsil etdiyi təşkilat bu səfərə böyük önəm verir və təsadüfi deyil ki, səfərin növbəti günündə yeni saziş üzrə danışıqlara başlanılıb. O, eyni zamanda, deyib ki, Avropa İttifaqı-Azərbaycan əməkdaşlığı mövcud potensialın tam həyata keçirilməsi baxımından möhkəm əsaslara söykənir. Səfir bildirib ki, demokratik islahatlar sahəsində Azərbaycanın əldə etdiyi inkişaf önəmlidir və Azərbaycanın dini azadlıq, tolerantlıq, mədəniyyətlərarası dialoq sahəsində əldə etdiyi təcrübə çox dəyərlidir. Yaan Reynhold, xüsusilə, energetika sahəsində strateji əməkdaşlığın böyük önəm daşıdığını deyib.
Öz növbəsində, bu ilin fevralında Brüsselə səfərinə toxunan prezident İlham Əliyev qeyd edib ki, bu səfər Şərq Tərəfdaşlığı çərçivəsində və ümumilikdə Avropa Komissiyası ilə əlaqələrin inkişafında böyük rol oynayıb.
Dövlət başçısı Azərbaycanla Avropa İttifaqı əlaqələrinin genişlənməsi baxımından Şərq Tərəfdaşlığı təşəbbüsünün əhəmiyyətini vurğulayıb. Prezident Azərbaycanın təşkilata üzv olan 10-dan çox ölkə ilə strateji tərəfdaşlığa dair sənədlərin imzalanmasını əlaqələrimizin yaxşı göstəricisi kimi dəyərləndirib. Azərbaycanla Avropa İttifaqı arasında sazişə toxunan dövlət başçısı bu sahədə də işlərin çox müsbət istiqamətdə irəlilədiyini bildirib. Prezident İlham Əliyev qeyd edib ki, siyasi əlaqələr uğurla inkişaf edir, əməkdaşlıq çoxşaxəlidir və geniş sahələri, o cümlədən demokratik inkişaf, multikulturalizm, iqtisadi və digər sahələri əhatə edir. Avropanın Azərbaycanın əsas ticarət tərəfdaşı olduğunu deyən dövlət başçısı deyib ki, investisiya, enerji təhlükəsizliyi, nəqliyyat, sosial müdafiə sahələrində də əlaqələr inkişaf edir.
Prezident İlham Əliyev belə geniş tərkibdə nümayəndə heyətinin səfərini uğurlu əməkdaşlığın təzahürü kimi dəyərləndirib və ümidvar olduğunu bildirib ki, bu səfər nümayəndə heyətinin üzvlərinin Azərbaycanda gedən inkişaf proseslərinin şahidi olması və ölkəmiz haqqında daha çox informasiya əldə edilməsi üçün yaxşı imkan yaradacaq.
Söhbət zamanı əməkdaşlığın perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.
APA