Polad Bülbüloğlu MDB ölkələri humanitar əməkdaşlıq Şurasının sədri seçilib
Azərbaycanın Rusiyadakı fövqəladə və səlahiyyətli səfiri Polad Bülbüloğlu MDB humanitar əməkdaşlıq Şurasının sədri seçilib.
APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bu barədə qərar MDB Dövlətlərarası Humanitar Əməkdaşlıq Fondunun (DHƏF) mənzil qərargahında keçirilən MDB humanitar əməkdaşlıq Şurasının iclasında verilib.
İclasda Şuranın digər sədri isə Ermənistan prezident aparatının sədri Viqen Sarqsyan seçilib. MDB humanitar əməkdaşlıq Şurasının iclasında çıxış edən DHƏF idarə heyətinin həmsədri Mixail Şvıdkoy bildirib ki, humanitar əməkdaşlıq MDB məkanında prioritet istiqamətlərdən biri olub və olacaq: “Bu 2014-cü ilin oktyabrında MDB dövlət başçılarının Minskdə keçirilən görüşündə də təsdiqlənib”.
Qeyd edək ki, MDB ölkələri Humanitar Əməkdaşlıq Şurası 2006-cı ildə yaradılıb. Şuranın tərkibinə Azərbaycan, Ermənistan, Belarus, Qazaxıstan, Qırğızıstan, Rusiya, Tacikistan, Özbəkistan və Ukraynanın nümayəndələri daxildir.
Şura Dövlətlərarası Humanitar Əməkdaşlıq Fondu ilə sıx əlaqadə fəaliyyət göstərir. DHƏF də 2006-cı ildə yaradılıb. Onun tərkibinə ilkin olaraq Ermənistan, Belarus, Qazaxıstan, Qırğızıstan, Rusiya və Tacikistan daxil olub. 2008-ci ildən isə Fondun yaradılması haqqında müqaviləyə Azərbaycan da qoşulub. 2014-cü ildən Moldova da DHƏF-də təmsil olunur. Fondun əsas məqsədi mədəniyyət, təhsil, elm, arxiv içi, kütləvi kommunikasiya, idman, turizm, ekologiya və gənclərlə işdən ibarətdir.
Apa.az