Penitensiar Xidmətdə gənc rəislər and içiblər
Penitensiar Xidmətdə təntənəli andiçmə mərasimi keçirilib.
Ədliyyə Nazirliyi Penitensiar Xidmətin İctimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilən məlumata görə, dekabrın 11-də Xidmətdə orta rəis heyətinə qulluğa qəbul olunmuş 28 nəfər gənc əməkdaşın andiçmə mərasimi keçirilib. Onlardan 9 nəfəri Rusiya Federasiyası Cəzaların İcrası Federal Xidmətinin Hüquq və İdarəetmə Akademiyasını bitirərək qulluğa qəbul olunmuş gənclərdir.
Ədliyyə Akademiyasında icbari təlim kursunu başa vurmuş gənc əməkdaşlar ədliyyə orqanlarında qulluq keçərkən Azərbaycan Respublikasına sadiq olacaqlarına, Azərbaycan Respublikasının Konstitusiyasına dönmədən əməl edəcəklərinə, dövlət sirrini və xidməti sirri qoruyacaqlarına, hüquq və vəzifələrini qərəzsiz, vicdanla, qanuna tam uyğun həyata keçirəcəklərinə, ədliyyə işçisinin şərəf və ləyaqətini uca tutacaqlarına and içiblər.
Tədbirdə ədliyyə nazirinin müavini, Penitensiar Xidmətin rəisi, ədliyyə general-leytenantı Mədət Quliyev iştirak edib. O, xidmətə yeni başlayan əməkdaşları Ədliyyə naziri I dərəcəli dövlət ədliyyə müşaviri Fikrət Məmmədovun adından təbrik edərək, onlara gələcək işlərində uğurlar diləyib. Daha sonra xidmətə qəbul olunmuş əməkdaşlara mobil telefon nömrələri hədiyyə edilib.
Sonda gənc əməkdaşlara Azərbaycan Prezidenti İlham Əliyevin Strasburqda Avropa Şurası Parlament Assambleyasındakı (AŞ PA) çıxışının videoyazısı nümayiş olunub.
Trend.az