Paytaxt ərazisinə avtomobillərin daxil olmasına məhdudiyyətlərin tətbiqinə başlanıb
Birinci Avropa Oyunlarının keçirildiyi müddətdə Bakıda nəqliyyatın sıxlığının azaldılması məqsədilə iyunun 1-dən 30-dək paytaxt ərazisinə yük avtomobillərinin daxil olmasına tam, digər nəqliyyat vasitələrinin hərəkətinə isə müəyyən məhdudiyyətlərin tətbiqi nəzərdə tutulub.
Baş Dövlət Yol Polisi İdarəsindən AZƏRTAC-a bildiriblər ki, bu səbəbdən qeyd olunan ərəfədə piyadaların və nəqliyyat vasitələrinin şəhər daxilində rahat və fasiləsiz hərəkətinin təşkili ilə əlaqədar paytaxta gəlmək istəyən rayon sakinləri həmin müddətdə rayon qeydiyyatında olan fərdi minik avtomobillərinin Bakı şəhərinə buraxılmayacağını nəzərə almalıdırlar. Paytaxta gəlmək üçün həmin müddət ərzində sərnişinlərin istifadəsinə veriləcək müasir, rahat ictimai nəqliyyat vasitələrindən istifadə edilməlidir.
Rayonlardan gələn nəqliyyat vasitələrinin saxlanılması ilə əlaqədar paytaxtın bütün girişlərində xüsusi dayanacaqlar yaradılıb. Ələt-Bakı istiqamətində hərəkət edən avtomobillər üçün Bakı-Ələt magistral yolunun 14-cü kilometrliyində, Şamaxı-Bakı istiqamətində hərəkət edən avtomobillər üçün Müşfiqabad qəsəbəsində, Sumqayıt-Bakı istiqamətində hərəkət edən avtomobillər üçün isə Xırdalan şəhərində xüsusi dayanacaqlar fəaliyyət göstərir. Dayanacaqlardan istifadə ödənişsizdir. Bu dayanacaqlarda avtomobillərini saxlayan şəxslər Müşfiqabad qəsəbəsindən 114, 157, 151, Lökbatan dairəsindən 124, 195, 151, Xırdalandan isə 199 nömrəli avtobus marşrutları ilə şəhərə gələ bilərlər. Dayanacaqlar 24 saat ərzində fəaliyyət göstərir.
AzərTac.az