Parlamentlərarası əməkdaşlıq Azərbaycan-Vyetnam əlaqələrinin inkişafında mühüm rol oynayır
Milli Məclis sədrinin müavini Valeh Ələsgərov mayın 6-da Vyetnam parlamentinin milli müdafiə və təhlükəsizlik komitəsinin sədr müavini, Vyetnam-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Tran Dinh Nha ilə görüşüb.
AZƏRTAC xəbər verir ki, Azərbaycan ilə Vyetnam arasında yaxşı əlaqələrin olduğunu bildirən Milli Məclis sədrinin müavini ölkələrimizin müxtəlif istiqamətlərdə mövcud əməkdaşlığından danışıb, münasibətlərin daha da genişləndirilməsi üçün yaxşı potensialın olduğunu bildirib. O, yüksək səviyyəli qarşılıqlı səfərlərin, parlamentlərarası münasibətlərin əlaqələrimizin inkişafında mühüm rol oynadığını vurğulayıb.
Valeh Ələsgərov son illərdə Azərbaycanın əldə etdiyi böyük uğurlardan, həyata keçirdiyi iri beynəlxalq layihələrdən, Ermənistanın işğalçılıq siyasəti nəticəsində yaranmış Dağlıq Qarabağ münaqişəsindən, Azərbaycanın regionda və dünyada artan nüfuzundan bəhs edib. Bildirib ki, ölkəmizin reallaşdırdığı beynəlxalq layihələr həm də regionun inkişafına imkan yaradıb.
Vyetnam parlamentinin milli müdafiə və təhlükəsizlik komitəsinin sədr müavini Tran Dinh Nha uzun illərdən sonra yenidən Bakıda olmaqdan məmnunluğunu bildirib, şəhərimizdə böyük inkişaf proseslərinin şahidi olduğunu vurğulayıb. Qeyd edib ki, Azərbaycanın qısa zamanda əldə etdiyi uğurlar Vyetnamı da sevindirir. Qonaq ölkələrimizin dostluğa və etibara əsaslanan münasibətlərinin bundan sonra daha da möhkəmlənəcəyinə inandığını bildirib.
AzərTac.az