Parisdə Azərbaycan Xalq Cümhuriyyətinin 99-cu ildönümünə həsr edilmiş fotosərgi açılıb

Posted by

Parisdə 28 may – Azərbaycan Xalq Cümhuriyyətinin 99-cu ildönümü münasibətilə “Azərbaycana səyahət” adlı fotosərginin rəsmi açılışı olub.

Diasporla İş üzrə Dövlət Komitəsindən APA-ya bildirilib ki, sərgini Azərbaycanın Dostları Assosiasiyası və Paris Azərbaycan Evi birgə təşkil edib. Açılış mərasiminə Fransa Parlamentinin və Senatın üzvləri, fransız jurnalistləri, iş adamları və diaspor nümayəndələri qatılıblar.

Azərbaycanın Dostları Assosiasiyasının Baş katibi, Paris Azərbaycan Evinin sədri Mirvari Fətəliyeva sərginin məqsədi barədə məlumat verib, fotoların müəlliflərini təqdim edib.

Azərbaycanının Fransadakı səfiri Elçin Əmirbəyov Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması və tarixi barədə danışıb, bu günün ölkə üçün əhəmiyyətini vurğulayıb.

Azərbaycanın Dostları Assosiasiyasının prezidenti Jean François Mansel isə Azərbaycan və Fransanın dostluq əlaqələrinin getdikcə daha da genişləndiyini və Azərbaycanın məhz bu kimi tədbirlər sayəsində Fransada daha da tanındığını qeyd edib.

Sərgidə Azərbaycan fotoqrafları Vüqar İbadov, Etibar Cəfərov və Kərim Abbasovun fotoları nümayiş etdirilib. Fotolar əsasən Azərbaycanın rəngarəng təbiətini, zəngin memarlıq abidələrini əks etdirir. Sərgi mayın 31-dək davam edəcək.

Apa.az