Oqtay Əsədov: İran və Azərbaycan arasında sərhəd-keçid məntəqələrindəki problem texniki xarakter daşıyır
Milli Məclisin spikeri Oqtay Əsədov parlamentin bugünkü iclasında millət vəkillərini İran və Azərbaycan arasında iki sərhəd-keçid məntəqəsində hərəkətin məhdudlaşdırılması ilə bağlı problemin miqyasını böyütməməyə və müxtəlif nəzəriyyələrdə dərinə getməməyə çağırıb.
Onun sözlərinə görə, bu problem olduqca ciddidir, lakin tamamilə texniki xarakter daşıyır: “Hesab edirəm ki, bizə qonşu olan dövlətə, İrana münasibətdə konkretliyə riayət etmək və artıq düşüncələrə dalmamaq lazımdır”.
Deputatlar parlamentin plenar icasında İranla sərhəddə yaranmış gərginlik və növbələrlə bağlı öz narahatlıqlarını ifadə ediblər.
Belə ki, Milli Məclsidə 2014-cü il büdcə zərfinin müzakirəsi zamanı deputat İqbal Ağazadə qeyd edib ki, gələcəkdə belə durğunluqların profilaktikası üzrə tədbirlər görmək lazımdır: “Bu, xüsusi ilə Naxçıvan Muxtar Respublikasının coğrafi və iqtisadi vəziyyəti nəzərə alınsa, olduqca böyük önəm kəsb edir”.
Noyabrın 5-də saat 18:15 radələrində Naxçıvan Muxtar Respublikasının (MR) Şərur rayonunun Dəmirçi kəndi yaxınlığında Araz çayında sahilbərkitmə işləri aparan traktora İran İslam Respublikası ərazisindən 2 nəfər hərbi geyimli şəxs atəş açıb. Həmin vaxt sürücü atəşdən yayınmaq məqsədilə özünü traktordan ataraq dambanın arxasına keçib. Ərazidə xidmət aparan sərhədçilər atəş səslərini eşidib hadisə yerinə gəliblər. Hadisə yerinə baxış keçirilib və aidiyyəti üzrə məlumat verilib. İran rəsmiləri bildirir ki, bundan sonra Azərbaycan tərəfi Şahtaxtı-Poldəşt sərhəd-keçid məntəqəsini bağlayıb.
Qeyd edək ki, artıq bir neçə gündür ki, Azərbaycan və İran sərhədçiləri arasında iki ölkənin sərhəd-keçid məntəqələrində yaranan problemlərin həlli məqsədilə görüşlər keçirilir.