Ombudsman Aparatında gender əsaslı zorakılıq məsələləri müzakirə olunub

Posted by

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatında gender məsələləri üzrə beynəlxalq ekspert Silviya Spureklə görüş keçirilib. Görüşdə BMT-nin Əhali Fondunun qanunvericilik və siyasət üzrə layihə əməkdaşı Xalisə Şahverdiyeva da iştirak edib.

Ombudsman Aparatından AZƏRTAC-a bildirilib ki, görüşdə məişət zorakılığının qarşısının alınması, qurbanların müdafiəsi, bu istiqamətdə səmərəli cavab mexanizmlərinin yaradılması ilə bağlı qanunvericiliyin və icra mexanizmlərinin təkmilləşdirilməsi məsələləri müzakirəsi olunub.

Aparatın qaçqınların, məcburi köçkünlərin və miqrantların hüquqlarının müdafiəsi sektorunun müdiri Turan Cahangirova Ombudsman Elmira Süleymanovanın insan hüquqları sahəsində həyata keçirdiyi çoxşaxəli fəaliyyətin prioritet istiqamətlərindən birinin məhz gender əsaslı zorakılıqla mübarizə sahəsinə aid olduğunu diqqətə çatdırıb, Ombudsman təsisatının bu istiqamətdə gördüyü işlər barədə qonaqlara ətraflı məlumat verib. O, həmçinin bu istiqamətdə dövlət qurumları, QHT-lər, vətəndaş cəmiyyəti, KİV və icmalarla əməkdaşlıq əlaqələrinin qurulduğunu deyib.

T.Cahangirova Ombudsmanın təklifləri də nəzərə alınmaqla, dövlətimizin başçısının 2011-ci il 27 dekabr tarixli Sərəncamı ilə təsdiq olunmuş “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı”nın 2.15-ci bəndində qadınlara qarşı zorakılıq, o cümlədən məişət zorakılığı ilə mübarizənin gücləndirilməsi, bu cür zorakılığın qurbanları üçün hüquqi müdafiə vasitələrinin, zəruri kompensasiyanın, reabilitasiyanın, tibbi və psixoloji yardımın təmin olunması sahəsində tədbirlərin səmərəliliyinin artırılmasının təsbit olunduğunu, habelə əhalinin məlumatlılığının artırılması məqsədilə aidiyyəti icra qurumları ilə birgə tədbirlərin görüldüyünü bildirib.

Beynəlxalq ekspert Silviya Spurek Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin BMT-nin Əhali Fondu ilə birgə həyata keçirdiyi layihənin icrası ilə bağlı Azərbaycanda məişət zorakılığı sahəsində mövcud qanunvericiliyin və hazırkı vəziyyətin öyrəniləcəyi barədə məlumat verib, layihə çərçivəsində hazırlanacaq hesabatda Ombudsmanın müsbət təcrübəsindən istifadə olunacağını bildirib.

Görüşdə qonaqları maraqlandıran suallar cavablandırılıb.

AZƏRTAC