Ombudsman Aparatında Beynəlxalq Miqrasiya Təşkilatının ekspertləri ilə görüş keçirilib
Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Aparatının rəhbəri Aydın Səfixanlı və Ombudsmanın qaçqınların, məcburi köçkünlərin və miqrantların hüquqlarının müdafiəsi üzrə ixtisaslaşmış müşaviri Turan Cahangirova Beynəlxalq Miqrasiya Təşkilatının (BMqT) ekspertləri Hilkka Beker və Katarina Lukofer ilə görüşüblər.
Görüşün məqsədi BMqT və Ombudsman Aparatının qarşılıqlı əməkdaşlığı çərçivəsində həyata keçirilən “Azərbaycanda miqrasiya və sərhəd idarəçiliyi üzrə potensialların gücləndirilməsi” layihəsinin ölkəmizdə implementasiyası, habelə miqrantların insan hüquqlarının müdafiəsi sahəsində mövcud problemlərin müəyyən edilməsi, həlli yollarının tapılması, bu sahədə təcrübənin tətbiqinə dair fikir və məlumat mübadiləsi aparmaq olub.
A.Səfixanlı qeyd edib ki, ölkəmizdə uğurla həyata keçirilən islahatlar nəticəsində davamlı miqrant axınının tənzimlənməsi ilə bağlı bir sıra işlər görülüb, o cümlədən son illərdə miqrantların hüquq və azadlıqlarının müdafiəsi üzrə qanunvericiliyə əlavə və dəyişikliklər edilib və institusional sahədə bir sıra tədbirlər həyata keçirilib. O, miqrantların hüquqlarının müdafiəsi sahəsində Ombudsman təsisatının gördüyü işlər barədə də məlumat verərək, son illər ölkəmizdə miqrasiya proseslərinin idarə olunması mexanizminin təkmilləşdirildiyini, bu kateqoriyadan olan şəxslərə qarşı ayrı-seçkiliklə mübarizənin, onlara fərdi yanaşmanın müvəkkilin insan hüquqları sahəsində həyata keçirdiyi fəaliyyətin prioritet istiqamətlərindən olduğunu bildirib.
Müvəkkilin xarici ölkələrin ombudsmanları ilə insan hüquqları sahəsində ikitərəfli əməkdaşlıq haqqında 13 saziş imzaladığı diqqətə çatdırılıb. Həmin sazişlərin əsas məqsədinin təsisatların Azərbaycan vətəndaşlarının xarici ölkələrin ərazilərində, hüquqi sənədin tərəfi olan ölkənin vətəndaşlarının isə respublikamızda hüquqlarının pozulması halları ilə əlaqədar bir-birini vaxtında məlumatlandırmasından, onların bərpasına ombudsmanların öz səlahiyyətləri daxilində yardım göstərməkdən ibarət olduğu bildirilib.
Ekspertlər Ombudsman təsisatı ilə qarşılıqlı əməkdaşlıqda maraqlı olduqlarını söyləyib, görüşdə səsləndirilən təkliflərin gələcək əməkdaşlıq çərçivəsində nəzərə alınacağını qeyd ediblər.
AzərTac.az