O dövlətdə ki, qadınların hüquqları tapdalanır, o dövlətin yarısı qanunsuzdur. (Arestotel) – Lamiə Məmmədova

Posted by

Doğrudur, Azərbaycan qanunvericiliyində qadın hüquqları öz əksini tapmışdır. Amma qanuvericilikdə qadın hüquqlarının nəzərdə tutulması hələ həmin dövlətdə qadın hüquqlarının hansı səviyyədə olmasını özündə əks etdirmir. Mən etiraf edirəm ki, bizim qanunlarımız qadınlar üçün cox gözəl imkanlar nəzərdə tutur. Amma gəlin bir şeyi nəzərimizdən qacırmayaq tətbiq mexanizmi mümkün olmayan qanunlar kimə lazımdır. Bu yerdə filosoflardan birinin bu haqda bir deyimi yadıma düşür “işləməyən mükəmməl qanundan işləyən pis qanun daha yaxşıdır”. Azərabaycanda kağız üzərində qadınlara verilən “sözdə vədlər”in heç bir praktiki əhəmiyyəti və işləmə mexanizmi yoxdur.
Qadın hüquqlarının qorunması üçün nə etməli? Qadın hüquqlarının qorunması üçün ilk əvvəl bu hüquq pozuntusunun hardan qaynaqlandığını və bu pozuntunun daha cox kimlər tərəfindən edildiyinə diqqət yetirmək lazımdır. Bəli, Azərbaycan cəmiyyətində qadın hüquqları pozulur, qadınlar zorakılığa məruz qalırlar. Azərbaycan cəmiyyətində qadınların daha cox qarşılaşdığı psixoloji, iqtisadi, fiziki, seksual zorakılıq formalarıdır.
Fiziki və seksual hücumlar, yaxud onların törədilməsi barədə hədə -qorxular qadın zorakılığının ən açıq formalarıdır və adətən başqalarının problemdən xəbərdar olımasına imkan yaradır. Lakin, döyən şəxs tərəfindən başqa zorakı davranışın müntəzəm istifadə olunması qadının həyatını belə təhlükə altında qoymaq iqtidarındadır. Ola bilər ki, fiziki zorakılıqlar yalnız bir dəfə və ya təsadüfən baş verə bilər, onlar gələcək zorakı hücumların olacağı barədə qorxu salır və zorakılığa yol verən şəxsin qadının həyatına və şəraitinə nəzarət etməsinə imkan yaradır. Artıq bu nəzarət altında yaşayan qadının hüquqları kişinin əlində olur və bu hüquqları nə dərəcədə realizə edə bilməsi ondan asılı olur. Elə bu asılılığın özünün mövcudluğu artıq qadın hüquqlarının pozulması deməkdir. Statistik məlumata əsasən Azərbaycan qadınlarının 38 %-inin ailə üzvləri tərəfindən fiziki zorakılığa məruz qaldığı aşkar olunmuşdur.
Cəmiyyətdə qadın hüquqlarının vəziyyətini öyrənmək üçün qadınlarla kişilərin faktiki status məsələsinə diqqət yetirmək lazımdır. Onların nə dərəcədə bərabər olub-olmamalarını araşdırmaq lazımdır. Bu bərabərliyin olub-olmaması üçün bir sıra meyarlara diqqət yetirilməlidir: 1) iqtisadi partnyorluq; 2)müzakirə və ədalətlilik; 3) birgə məsuliyyət; 4) uşaqların tərbiyə olunması üçün cavabdehlik; 5) hörmət; 6) etibar və dəstək; 6) qorxuducu olmayan davranış. Gəlin tipik Azərbaycan ailəsində bu bərabərliyin olub-olmamasına diqqət yetirək. Misal olaraq iqtisadi partnyorluğa diqqət yetirəndə, hər birimiz öz ailəmiz timsalında pulla əlaqədar qərarları birgə qəbul etmək, maliyyə tədbirlərindən hər iki partnyorun faydalanmasını təmin etməyin nə dərəcədə real olmadığının şahidi olacağıq. Diqqət yetirdiyimiz meyarlar üzrə qadın və kişilərin bərabər statusları olmadığını aşkara çıxarırıq. Azərbaycan qanunvericiliyinin qadın və kişilərə bərabər hüquqlar veriməsinə, bərabər imkanlar yaratmasına baxmayaraq qadınların öz hüquqlarından istifadə etmə imkanı cox məhduddur. Bu məhdudiyyəti aradan qaldırmaq üçün cəmiyyətdə düşüncə tərzini dəyişmək lazımdır. Kişilərin qadınlara qarşı tutduğu mövqeyi dəyişmək lazımdır, onların qadınların sosial statusuna dair mövqeyini dəyişmək lazımdır.
Qadın hüquqlarının qorunmasından söhbət gedirsə demək onu pozan əksər hallarda əks cinsin nümayəndələri, kişilərdir. Qadınlar öz hüquqlarını qorumaq üçün kişilərlə mübarizəyə qalxmalı deyil, daha cox onlarla bu hüquqları pozmamaq baxımından maarifləndirmə işlərini həyata keçirməyə cəhd etməlidirlər. Bunun üçün hər birimiz öz ailəmizdəki kişilərdən başlamalıyıq, baxmayaraq ki, onlar bizim həyat yoldaşımız, qardaşımız ola bilər, bizə tanrı tərəfindən verilmiş haqqları, eləcə də əsrlərlə mübarizə apararaq qazandığımız hüquqları güzəşt etməməliyik. Hər yeni güzəşt başqa bir hüququn pozulması üçün şərait yaradır.

Lamiə Məmmədova
Amerika Hüquqşunaslar Assosiasiyasının
Hüquqşunası