Nyu-Yorkun və Floridanın Azərbaycan icmaları saxta erməni təbliğatına qarşı əks-etiraz aksiyası keçiriblər
Nyu-York Azərbaycanlıları Assosiasiyasının üzvləri 1915-ci il hadisələri barədə erməni icmasının yalan təbliğatına qarşı şəhərdə əks-etiraz aksiyası keçiriblər. Aksiya iştirakçıları erməniləri Birinci Dünya müharibəsi hadisələrinin və Osmanlı imperiyasındakı qurbanlarının müəyyən edilməsində siyasətçilərə deyil, tarixçilərə imkan yaratmağa çağırıblar, Amerika qanunvericilərini və administrasiyasını qondarma “erməni soyqırımı” ilə bağlı lobbiçilik fəaliyyətinə son qoymağın zəruriliyini bəyan ediblər. Azərbaycan icmasının nümayəndələri habelə Ermənistandan işğalçı qoşunlarını Azərbaycan ərazisindən çıxarmasını tələb ediblər.
Florida ştatının Mayami şəhərində türk və Azərbaycan icmalarının nümayəndələri ermənilərin Türkiyə konsulluğu qarşısındakı aksiyasına cavab olaraq əks-nümayiş keçiriblər. Onlar ictimaiyyəti erməni silahlı dəstələrinin Birinci Dünya müharibəsində Osmanlı ərazisində dinc türklərə, habelə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi dövründə Azərbaycan vətəndaşlarına qarşı törətdikləri cinayət əməlləri barədə məlumatlandırıblar. Azərbaycan-Amerika Mədəniyyət Assosiasiyasının üzvləri Töhfə Eminova başda olmaqla əllərində plakatlar tutaraq, Ermənistanı Azərbaycan əleyhinə təcavüzünü dayandırmağa, qoşunlarını Azərbaycan torpaqlarından çıxarmağa, Xocalının dinc azərbaycanlı əhalisinin soyqırımının tanınmasına dair şüarlar səsləndirmişlər.
AzərTac.az