Nyu-Cersi ştatının üç qanunvericisi Qurgen Yanukyanın terror aktını “mənfur cinayət” adlandırmışdır
“PaxTurcica” İnstitutunun verdiyi məlumata görə, Nyu-Cersi ştatının üç qanunvericisi (ştatın qanunvericilik orqanının hər iki palatasından – Senatdan və Assambleyadan) – senator Kristofer Konnors, ştat Assambleyasının üzvləri Brayan Rampf və Dayan Qouv Los-Ancelesdə türk diplomatların erməni terrorçusu Qurgen Yanukyan tərəfindən qətlə yetirilməsinin 41-ci ildönümü ilə əlaqədar ABŞ-ın azərbaycanlı və türk icmaları nümayəndələrinin məktublarına cavab olaraq bəyanat vermişlər.
Bəyanatda deyilir ki, 41 il əvvəl Los-Ancelesdə iki türk diplomatının qətli ilə əlaqədar münaqişə “(etnik) nifrət zəminində cinayət” hadisələrindən biri olmuşdur. Qanunvericilər bu terror aktını “mənfur cinayət” adlandırmış və qətlə yetirilmiş türk diplomatlarının xatirəsini yad etdiklərinə görə azərbaycanlı və türk icmalarının üzvlərinə minnətdarlıqlarını bildirmişlər. Onlar ümidvar olduqlarını bildirmişlər ki, gələcəkdə terror aktlarının qarşısının alınması məqsədi ilə sülh, tolerantlıq və əmin-amanlıq bərqərar ediləcəkdir.
Xatırladırıq ki, erməni terrorçu Qurgen Yanukyan 1973-cü ildə baş konsul Mehmet Baydarı və konsul Bahadır Dəmiri öldürmüşdür. Qatil 1984-cü ilin yanvarında azadlığa buraxılmışdır və Ermənistanda ən çox mədh olunan şəxsiyyətlərdən biridir.
AzərTac.az