Nuşirəvan Məhərrəmli: “Əhalinin aztəminatlı hissəsinə dekoderlərin verilməsi ilə bağlı müraciətimizə baxılır”
“Əhalinin aztəminatlı hissəsinə dekoderlərin verilməsi ilə bağlı cənab prezidentə etdiyimiz müraciətə baxılır”. Bunu APA-ya açıqlamasında Milli Teleüviziya və Radio Şurasının (MTRŞ) sədri Nuşirəvan Məhərrəmli deyib.
O bildirib ki, bununla bağlı artıq bəzi işlər görülür: “Bu müraciətin müsbət həllinə inanıram. Hazırda bütün Azərbaycan ərazisində rəqəmsal yayım təmin olunub. Elə əsas məsələ də rəqəmsal yayımın təmin olunmasıdır. O ki qaldı analoq yayımın dayandırılmasına, bizim 2015-ci ilin iyun ayına kimi vaxtımız var. O vaxta kimi bunu həll edə bilərik. Ona görə də bu məsələdə hər hansı bir problem yoxdur. Hazırda ölkə ərazisində az da olsa, dekoderlər var. Artıq müəyyən insanlar da dekoder alıb istifadə edirlər. Bu məsələ dediyim formada həyata keçirilərsə, biz rəqəmsal yayıma çox rahatlıqla keçəciyik”.
MTRŞ sədri “ATV Plus” rəqəmsal efir-kabel televiziyasının istifadəçilərinin həmin televiziyanın keyfiyyətinin aşağı olması ilə bağlı narazılığına da münasibət bildirib. O qeyd edib ki, hansısa kabel televiziyasının keyfiyyəti zəif olduğu üçün MTRŞ onlara cəza kəsə bilməz: “ATV Plus” da kabel şəbəkəsidir. Əlbəttə, kabel televiziyaları daima maraqlı olmalıdırlar ki, əhali yüksək keyfiyyətli yayımla təmin olunsun, heç bir narazılıq olmasın. Əgər müəyyən problemlər olarsa, çalışmalıdırlar ki, aradan qaldırsınlar. Bu o demək deyil ki, hansısa texniki problem olan kimi həmin kabel televiziyasının fəaliyyəti dayandırılmalıdır. “ATV Plus” da fəaliyyət üçün icazə alıb və tədricən fəaliyyətini genişləndirməyə başlayıb. Onlar nisbətən yeni kabel şəbəkəsidir. “ATV Plus”un fəaliyyətə bağladığı heç bir il deyil. Amma xeyli ərazidə artıq müəyyən işlər görüblər. Bildiyimə görə, onlar yenə də maliyyə qaynağı axtarırlar ki, ölkə ərazisində geniş yayımlansınlar. Bu kimi problemlərin yaranması sistemlə bağlıdır. Bəzən hava şəraiti də buna bu və ya digər formada təsir göstərir”.
Apa.az