Novruz Məmmədov: “Cənab Şultsun ambisiyalı siyasətçi olması göz qabağındadır”

Posted by

Novruz Məmmədov: "Cənab Şultsun ambisiyalı siyasətçi olması göz qabağındadır"

Novruz Məmmədov: “Cənab Şultsun ambisiyalı siyasətçi olması göz qabağındadır”

Novruz Məmmədov: "Cənab Şultsun ambisiyalı siyasətçi olması göz qabağındadır"

– Hörmətli Novruz müəllim, dünən axşam Avropa Parlamentində cənab Martin Şultsun Leyla Yunusla bağlı bildirdiyi mövqeyinə münasibətiniz necədir?

 

– Leyla Yunus haqqında bircə onu deyə bilərəm ki, onun kimliyini və 25 ildir nə işlə məşğul olduğunu hamı bilir. Mən bu barədə danışmaq istəmirəm. Cənab Şultsun bununla bağlı mövqeyinə gəldikdə isə deməliyəm ki, belə bir həqiqəti təhrif edən, amiranə, tələb xarakterli mövqe, əlbəttə, ona münasibət bildirməyi zəruri edir. Birincisi, ona görə ki, cənab Şults Azərbaycanla bağlı neqativ mövqe bildirmək üçün sanki fürsət axtarır və onu da deyək ki, heç vaxt fürsəti əldən vermir. Biz bunun dəfələrlə şahidi olmuşuq. İkincisi isə cənab Şults öz təqdimatını insan hüquqları ilə əlaqələndirərək özünü bu hüquqların müdafiəçisi kimi göstərməyə çalışır. Guya günahsız insanları müdafiə etməklə məşğuldur. Üçüncüsü isə o, beynəlxalq ictimaiyyətə özü bilə-bilə düzgün məlumat vermir, çaşdırır, yanlış mövqe formalaşdırır.

 

Cənab Şults xeyli müddətdir ki, Avropanın siyasi səhnəsində fəaliyyət göstərir. Bu illər ərzində o, Aİ-nin güclənməsi, möhkəmlənməsi istiqamətində, görünür, missiyasını bitmiş hesab edir. O, yəqin düşünür ki, Aİ-ilə bağlı bütün məsələləri tənzimləyə bilib, bu sahədə hər şey əla gedir, bu səbəbdən də özündən çox razıdır. Və əlinə fürsət düşən kimi Avropa Parlamentində, parlamentdən kənarda qərəzli müzakirələr təşkil edir, bəyanatlar verir.

 

Bütün bunlar isə o zaman baş verir ki, Avropanın və dünyanın digər ölkələrinin rəhbərləri, Baş nazirləri həm Azərbaycana səfər edərək, həm də öz paytaxtlarında Azərbaycanda son illərdə gedən inkişafı, əldə edilən nailiyyətləri, təmin edilən sabitliyi və təhlükəsizliyi Azərbaycan möcüzəsi adlandırırlar. Cənab Şultsu isə belə işlər heç maraqlandırmır. O, bunlar barədə bir söz də demək istəməyib.

 

Nə üçünsə Azərbaycanın qısa bir dövrü əhatə edən müstəqillik illərində inkişaf etməsi, çiçəklənməsi, mürəkkəb geosiyasi regionda sabitliyini və təhlükəsizliyini təmin etməsi, beynəlxalq aləmdə böyük nüfuz qazanaraq müxtəlif siyasi, mədəni, idman tədbirlərinə ev sahibliyi etməsi cənab Şults üçün heç bir əhəmiyyət daşımır. Belə məsələlər onu maraqlandırmır.

 

Amma özünü ədalət carçısı, insan haqları müdafiəçisi kimi təqdim edən cənab Şults heç olmasa bircə dəfə, Azərbaycanda qaçqına və köçkünə çevrilmiş bir milyon bütün fundamental hüquqları pozulmuş günahsız qocanın, qadının, cavanın, uşağın müdafiəsi üçün bəyanat verib mövqe bildirsəydi, onda onun başqa bəyanatlarına da inam olardı.

 

Heç olmasa cənab Şults bircə dəfə, Azərbaycanın 25 ildir işğal altında qalan beynəlxalq birlik tərəfindən tanınmış torpaqları ilə bağlı bir ədalətli bəyanat versəydi onda ona inam yaranardı. Lakin, o bunu etmir.

 

Belə şəxsiyyətlərin öz missiyalarını nədə gördüklərini bəzən anlamaq olmur. Aİ-ni gücləndirmək, ona etimadı, inamı möhkəmləndirmək əvəzinə qərəzli bəyanatlar vermək, beynəlxalq ictimaiyyəti çaşdırmaq görəsən hansı niyyətdən qaynaqlanır. Təəssüflər olsun ki, belə hallar çoxdur.

 

Cənab Şultsun ambisiyalı siyasətçi olması göz qabağındadır. Amma o, ambisiyalı olduğu qədər də cəsarətli olsaydı, onda heç olmasa bir neçə kəlmə də Ferquson hadisələri ilə bağlı deyərdi. Əgər buna cəsarəti çatmırsa, onda Avropanın əksər ölkələrində, elə öz ölkəsində, Brüsseldə baş verən hadisə və proseslərlə bağlı mövqe bildirərdi. Bəyanat verib, təqdim edilməli ciddi hadisələr hər gün baş verir. Beləliklə, öz işləri ilə məşğul olsa daha yaxşı olardı və ona etimad da yaranardı, ambisiyaları da reallaşardı.

 

Bəzən, doğrudan da, müəyyən hadisə və proseslərlə bağlı heç bir məsuliyyət hiss etmədən, onları hərtərəfli araşdırıb öyrənmədən qərəzli bəyanatların verilməsinin nəticələri göz qabağında olsa da, belə proseslər, təəssüf ki, bu gün də davam edir. Bunun üçün də bu gün bir suala cavab axtarmaq lazım gəlir. Aİ-nin indiki problemli və böhranlı vəziyyətinin səbəbləri hansılardır və məsuliyyətini kimlər daşıyır.

 

Bu suala cavab üçün cənab Şults da düşünsə pis olmaz.

 

Trend.az