Novruz Məmmədov: Azərbaycan daxili və xarici siyasətində uğurlu addımlar atmaqda davam edir
Azərbaycan həm daxili siyasətində, həm də xarici siyasətində uğurlu addımlar atmaqda davam edir. Trend-in məlumatına görə, bu barədə Azərbaycan Prezidenti Administrasiyası rəhbərinin müavini, PA-nın Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov jurnalistlərə bildirib.
Onun sözlərinə görə, 2014-cü ilin sona yetməsinə bir müddət qalsa da, ümumiləşdirərək müəyyən bir fikir söyləmək mümkündür: “Azərbaycan elə əvvəlki illərdə olduğu kimi, həm öz daxili siyasətində, həm də xarici siyasətində uğurlu addımlar atmaqda davam edir. Bunu son səfərlər də nümayiş etdirir. Hər şeydən əvvəl qeyd edim ki, hər il olduğu kimi, bu il də Azərbaycan Prezidenti müxtəlif ölkələrə 15-ə yaxın rəsmi səfər edib. Bu səfərlərin də əksəriyyəti Avropa ölkələrinə həyata keçirilib. Eyni zamanda, cənab Prezident 10-a yaxın beynəlxalq tədbirdə iştirak edib. Səfərlər Fransa, Yunanıstan, Macarıstan, İtaliya və digər ölkələrə olub. Beynəxalq təşkilatlardan söhbət gedəndə isə Şanxay Əməkdaşlıq Təşkilatı, Niderlandda III Nüvə Təhlükəsizliyi Sammiti, Böyük Britaniyada NATO sammiti, Çexiyada “Şərq Tərəfdaşlığı” ölkələrinin toplantısı, sonra Gürcüstanda Gürcüstan-Türkiyə-Azərbaycan üçtərəfli əməkdaşlığına dair görüş, Xəzər sammiti və digər çox mühüm tədbirlərdə olub”.
N.Məmmədov bildirib ki, əslində bunların hamısını ümumiləşdirsək, deyə bilərik ki, Azərbaycan indiyə qədər inkişafının yeni mərhələsinin bünövrəsini qoyub: “Doğrudan da səmimiyyətlə qeyd etmək lazımdır ki, bu gün Azərbaycan postsovet məkanında, yəni SSRİ dağıldandan sonra yaranan müstəqil dövlətlər içərisində, heç bir problemi olmayan, ən uğurla hərtərəfli inkişaf edən bir dövlətdir. Bütün dövlətləri müqayisə edin. Azərbaycan iqtisadi, siyasi, hərbi, mədəni, idman və digər sahələrdə əməkdaşlıqla bərabər, beynəlxalq aləmdə öz mövqeyini gündən-günə möhkəmləndirir”.
Onun sözlərinə görə, bu baxımdan, ikinci mərhələ – bu illər ərzində ümummilli liderin əsasını qoyduğu böyük layihələrin həyata keçirilməsindən sonra indi sanki yeni bir mərhələ başlayır: “Bu illərdə TANAP, TAP kimi layihələrin, gələn il Bakı-Tbilisi-Qars dəmiryolunun həyata keçirilməsi o cür böyük layihələrin davamıdır və bunların hər biri həm region üçün, həm də mənə belə gəlir ki, Avropa üçün çox böyük əhəmiyyətə malikdir. Bu, praktiki işlərlə bağlı tərəf idi”.
PA rəsmisi deyib ki, digər tərəfdən, Azərbaycan bu il ərzində də beynəlxalq aləmdə öz reytinqini, nüfuzunu çox gücləndirdi, möhkəmləndirdi: “Bu gün biz deyə bilərik ki, təxminən 10-a yaxın Avropa ölkəsi ilə Azərbaycan arasında strateji tərəfdaşlıqla bağlı ya bəyannamə, ya da bəyanat qəbul edilib və ya yaxud imzalanıb”.
N.Məmmədov qeyd edib ki, elə bir neçə gün bundan əvvəl dövlət başçısının Macarıstana səfəri zamanı Azərbaycanla Macarıstan arasında əməkdaşlığın bütün sahələrdə daha da genişlənməsinə, daha da dərinləşməsinə təkan verəcək mühüm bir bəyannamə imzalandı: “Bundan bir gün sonra isə İran İslam Respublikasının Prezidentinin Bakıya səfəri zamanı Azərbaycan və İran prezidentləri arasında da bəyannamə imzalandı. Bu bəyannamələrin çox böyük əhəmiyyəti var. Mən hələ bu hər iki səfər zamanı imzalanan başqa sənədləri qeyd etmirəm, çünki bəyannamələr bu ölkələrin əməkdaşlıq edəcəyi bütün sahələri əhatə edir. Xüsusilə də bizim üçün vacib olan odur ki, hər iki bəyannamədə Azərbaycanın ərazi bütövlüyünün, suverenliyinin dəstəklənməsi, münaqişənin beynəlxalq hüququn norma və prinsiplərinə uyğun həlli, zor işlətməməklə həlli və s. çox açıq-aydın formada özünü göstərir. Bu səfərlər zamanı elə bir sahə olmadı ki, həm Azərbaycanla Macarıstan, həm də Azərbaycanla İran arasında əməkdaşlıqla bağlı fikir mübadiləsi, müzakirə aparılmasın və yeni bir addım atılması üçün şərait yaradılmasın. Ona görə də dediyim kimi, elə bu il Azərbaycan Prezidentinin İtaliyaya səfəri zamanı da İtaliya ilə Azərbaycan arasında strateji tərəfdaşlıqla bağlı bəyanat qəbul edildi”.
PA rəsmisi bildirib ki, dövlət başçımızın həm beynəlxalq tədbirlərə, həm də Avropa ölkələrinə səfərləri Azərbaycanla Avropa İttifaqı arasında əməkdaşlığın inkişafına təkan verir: “Bizim bununla bağlı xüsusi mövqeyimiz var. Siz yəqin bilirsiniz ki, uzun illər proseslər getdi, biz müəyyən məsələlərdə narazılığımı da bildirdik. Yəni bu prosesləri – mən Avropa İttifaqı ilə əməkdaşlıq istimqamətində prosesləri qeyd edirəm – ümumilikdə götürəndə, bizim Avropa ölkələri ilə, ayrı-ayrılıqda hər biri ilə çox gözəl əlaqələrimiz var. Amma Avropa İttifaqı ilə əməkdaşlıqdan söhbət gedəndə bir sıra məsələlər ortaya çıxdı ki, biz buna xüsusi mövqeyimizi bildirdik. Azərbaycan Prezidenti ilə Macarıstanın Baş naziri arasında söhbət zamanı belə bir şey hiss etdim ki, hər iki dövlət başçısı özlərinin əsas vəzifələrini, rəhbərlik etdikləri ölkələrin, dövlətlərin milli maraqlarını müdafiə etməyi bir nömrəli vəzifə hesab edir. İndiki dövrdə isə milli maraqları, dövlətçilik maraqlarını müdafiə etmək o qədər də asan deyil. Amma indi nə üçün bunu Macarıstan ilə bağlı deyirəm? Macarıstanın da Baş naziri bunu etdiyi üçün onun Avropa İttifaqı ilə müəyyən problemləri ortaya çıxdı. O da irad bildirir ki, siz məndən əməkdaşlıq istəyirsiniz, amma gəlin elə edək ki, mənim maraqlarıma zərbə dəyməsin”.
N.Məmmədov hesab edir ki, Azərbaycan Prezidentinin, Azərbaycan xalqının ən böyük şansı və xoşbəxtliyi bundan ibarətdir ki, bu müddət ərzində SSRİ dağıldıqdan sonra yaranan dövlətlər içərisində yeganə olaraq Azərbaycan özünün həm müstəqilliyini, həm suverenliyini, həm sabitliyini, həm təhlükəsizliyini, həm də iqtisadi, siyasi, mədəni və digər sahələrdə inkişafını təmin edə bilib.
Trend.az