Norveç Krallığının Azərbaycandakı səfiri Naxçıvan Dövlət Universitetində olmuşdur

Posted by

Norveç Krallığının Azərbaycandakı səfiri Naxçıvan Dövlət Universitetində olmuşdur

Norveç Krallığının Azərbaycandakı səfiri Naxçıvan Dövlət Universitetində olmuşdur

Norveç Krallığının Azərbaycandakı səfiri Naxçıvan Dövlət Universitetində olmuşdur

Norveç Krallığının Azərbaycandakı səfiri Erlinq Şönsberq Naxçıvan Muxtar Respublikasına rəsmi səfəri çərçivəsində Naxçıvan Dövlət Universitetində (NDU) də olmuş, universitetin strukturu, maddi-texniki bazası, buradakı tədris prosesi ilə yaxından maraqlanmışdır.

NDU-nun mətbuat şöbəsindən AzərTAc-a bildirmişlər ki, səfir beynəlxalq münasibətlər və xarici dillər fakültəsində fəaliyyət göstərən Koreya Respublikası mədəniyyət və dil tədrisi mərkəzlərində, “Diplomatiya” kabinəsində, tərcümə tədris mərkəzində olmuşdur.

Universitetdə səfirlə keçirilən görüşdə NDU-nun rektoru, Əməkdar Elm Xadimi, professor Saleh Məhərrəmov bildirmişdir ki, Azərbaycanda, o cümlədən Naxçıvan Muxtar Respublikasında elmin və təhsilin inkişafına göstərilən hərtərəfli dövlət qayğısı nəticəsində 108 hektarlıq ərazidə müasir tipli, dünya standartları səviyyəsinə cavab verə biləcək bir ali təhsil müəssisəsi qurulmuşdur.

Qeyd olunmuşdur ki, dünya təhsilinə inteqrasiya yolu tutan universitetin beynəlxalq əlaqələri günbəgün genişlənməkdədir. Dünyanın tanınmış 80 ali məktəbi ilə beynəlxalq əməkdaşlığa malik olan bu universitetdə 5000-dən çox tələbə, o cümlədən 12 ölkənin 300 nəfərdən çox vətəndaşı ali təhsil alır.

Norveç səfirinin diqqətinə çatdırılmışdır ki, universitet bir çox beynəlxalq layihədə uğurla təmsil olunur. Tələbə mobilliyinin artırılması nəticəsində universitetin bakalavr və doktorantları öz təhsillərini müxtəlif ölkələrdə davam etdirirlər.

Rektor bildirmişdir ki, Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyi (KOİCA) ilə universitet arasında “Naxçıvan Dövlət Universiteti üçün elektron təhsil şəbəkəsi və rəqəmsal multimedia infrastrukturunun yaradılması” layihəsi həyata keçirilməkdədir. Universitetdə beynəlxalq münasibətlərin, müxtəlif xarici dillərin tədrisinə böyük əhəmiyyət verilir.

Səfir Erlinq Şönsberq ölkələrarası münasibətlərin möhkəmlənməsində elm, təhsil sahəsində əməkdaşlığın mühüm rol oynadığını vurğulamış, muxtar respublika haqqında yüksək təəssüratlarını bölüşmüşdür.

Gələcək tərəfdaşlıq məsələlərinin müzakirəsi zamanı universitetlərarası əməkdaşlığın genişləndirilməsində birgə layihələrin əhəmiyyəti önə çəkilmiş, norveçli diplomat bu istiqamətdə səylərini əsirgəməyəcəyini bildirmişdir.

Səfir Erlinq Şönsberqin tələbələrlə görüşü zamanı onun təmsil etdiyi ölkənin təhsil sistemi ilə bağlı məruzəsi dinlənilmiş, tələbələrin suallarını cavablandırmışdır.

 

AzərTac.az