“2006-cı ildən bu günə kimi Azərbaycanın ədliyyə orqanlarına keçirilən müsabiqələrdə 5000-dən namizəd iştirak edib. 1000-ə yaxın namizəd imtahan nəticəsində seçilərək ədliyyə orqanlarında fəaliyyət göstərir”.
APA-nın xəbərinə görə, bunu Ədliyyə Nazirliyinin Kadrlar idarəsinin rəisi, müsabiqə komissiyasının sədr müavini Rauf Məhərrəmov deyib. Onun sözlərinə görə, bu gün Azərbaycanın əksər regionlarında ədliyyə orqanları üzrə vakant ştat vahidləri var, əsas məsələ namizədlərin müsabiqələrdə yetərincə bilik nümayiş etdirmələridir.
İdarə rəisi vurğulayıb ki, Ədliyyə Nazirliyi rəhbərliyinin kadr siyasətinə uyğun olaraq, yeni qulluğa qəbul edilən şəxslər bilavasitə yerli ədliyyə qurumlarına göndərilir: “Bu, onların gələcəkdə peşəkar qulluqçu kimi formalaşması üçün lazımi və zəruri olan ilk təyinatdır. Onlar yerlərdə çalışır, lazımi təcrübə toplayaraq sonradan istənilən vəzifə üzrə inkişaf edirlər. İlk olaraq çalışırıq ki, icra xidmətinə təyinatlar aparaq, eyni zamanda qeydiyyat və digər qurumlara da namizədlər seçilir”.
R.Məhərrəmov namizədlərin müsabiqələrdə iştirakı prosesinin hər il sadələşdirildiyini bildirib. Bu gün ədliyyə orqanlarına keçirilən imtahanda 529 namizədin iştirak etdiyini qeyd edən komissiya sədrinin müavini vurğulayıb ki, onların hazırlaşmaları üçün əvvəlcədən nazirliyin Ədliyyə Akademiyasında xüsusi proqram üzrə kurslar təşkil olunub: “Bugünkü namizədlər ölkənin bütün regionlarını təmsil edir. Onların təxminən 1/3-i qızlar, yarısı ilk dəfə əmək fəaliyyətinə başlayan şəxslərdir. Bu gün müsabiqəyə təxminən 150 ştat vahidi çıxarılıb. Bu da əsasən nazirliyin yerli xidmətlərində, həmçinin icra, qeydiyyat və digər ədliyyə orqanlarında olan vəzifələrdir. Təxminən 250 nəfər müsabiqələrdə təkrar iştirak edənlərdir. Onlar həm test imtahanı, həm də müsahibədə kifayət qədər bilik nümayiş etdirməyiblər”.
Nazirlik rəsmisi qeyd edib ki, ədliyyə orqanlarında çalışmaq istəyən namizədlər üçün keçirilən test imtahanının nəticələri bu gün günorta saatlarında açıqlanacaq. Onun sözlərinə görə, nəticələr Dövlət İmtahan Mərkəzi və Ədliyyə Nazirliyinin saytında yerləşdiriləcək.
Apa.az