Nazir müavini: “Azərbaycanda bu il 144 təhsil müəssisəsi yenidən tikilib, 115 məktəb əsaslı bərpa olunub”
“Son illər ərzində Azərbaycanda 2000-dən çox təhsil müəssisəsi yenidən tikilib və yaxud əsaslı təmir edilib. Yalnız bu il 144 təhsil ocağı yenidən tikilib, 13 təhsil müəssisəsində yeni korpuslar yaradılıb, 115 məktəb əsaslı bərpa olunub. Bakı şəhərinin ətraf qəsəbələrinin sosial-iqtisadi inkişafına dair dövlət proqramında nəzərdə tutulmayan 164 məktəb bu yay mövsümündə təmir edilib”.
APA-nın xəbərinə görə, bunu təhsil nazirinin müavini Ceyhun Bayramov Bakı Ali Neft Məktəbində tələblərlə keçirilən görüşdə deyib. O bildirib ki, son illər Azərbaycanda görülən işlər ölkədə neft kapitalının insan kapitalına çevrilməsinin bariz nümunəsidir. Nazir müavinin sözlərinə görə, neftin insan kapitalına çevrilməsinin ən düzgün tərəfi təhsildir və təhsilə olan xüsusi qayğı bunu göstərir: “Azərbaycan dövlətinin təhsilə ayırdığı investisiyaya əsasən 6 ildir ki, Azərbaycan gəncləri xaricdə təhsil almağa göndərilir. Yalnız 2012-ci il daxil olmaqla bu proqramdan 1825 gənc faydalanıb, onlardan 525-i məzun olub. Amma bu qeyd edilənlər hamısı strateji yox, taktiki məqsəddir. Strateji məqsəd Azərbaycan təhsilində lazımlı mühit yaratmaq, ali təhsil müəssisələrinin səviyyəsini dünya standartlarına gətirib çıxarmaqdır”.
C.Bayramov qeyd edib ki, Azərbaycanda mövcud olan təhsil müəssisələri daima dövlətin diqqətindədir. Onun sözlərinə görə, son zamanlar yaradılan ali təhsil müəssisələrinə beynəlxalq mütəxəssislərin, xarici tərəfdaşların marağı artmaqdadır: “Bir çox xarici tərəfdaşlar əməkdaşlıq etməyə maraqlıdırlar. Aparıcı beynəlxalq səviyyəli mütəxəssislər bu ali təhsil ocaqlarına üz tuturlar. Bu da Azərbaycanda yeni yaradılan ali təhsil ocaqlarında münbit şəraitdən xəbər verir”.