Naxçıvan Muxtar Respublikasının 90 illik yubileyi münasibətilə ümummilli lider Heydər Əliyevin abidəsi ziyarət olunmuşdur
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “Naxçıvan Muxtar Respublikasının 90 illik yubileyinin keçirilməsi haqqında” 2014-cü il 14 yanvar tarixli Sərəncamı ilə bu il ölkəmizdə muxtar respublikanın yaradılmasının 90 illiyi geniş qeyd olunur.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, aprelin 6-da tədbirlər planına əsasən, Naxçıvan şəhərində ümummilli lider Heydər Əliyevin abidəsi ziyarət olunmuşdur.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov xalqımızın böyük oğlu, müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, görkəmli dövlət xadimi Heydər Əliyevin Naxçıvan şəhərinin baş meydanında əzəmətlə ucalan abidəsi önünə gül qoymuş, ulu öndərin xatirəsini dərin ehtiramla yad etmişdir.
Nazirlik, komitə, baş idarə və müəssisələrin rəhbərləri, hərbi hissələrin komandirləri, elm və təhsil müəssisələrinin nümayəndələri də abidənin önünə tər güllər düzmüşlər.
90 il bundan əvvəl yaradılan Naxçıvan Muxtar Respublikası çətin, mürəkkəb və eyni zamanda, parlaq bir inkişaf yolu keçmişdir. Ümummilli liderimiz Heydər Əliyev Naxçıvanın muxtariyyət statusu qazanmasını yüksək dəyərləndirərək demişdir: “Naxçıvanın muxtariyyəti tarixi nailiyyətdir, biz bunu qoruyub saxlamalıyıq. Naxçıvanın muxtariyyəti Naxçıvanın əlindən getmiş başqa torpaqlarının qaytarılması üçün ona xidmət edən çox böyük bir amildir. Biz bu amili qoruyub saxlamalıyıq”.
Naxçıvanın 1924-cü ildə qazandığı muxtariyyət statusu gərgin siyasi mübarizələrin nəticəsində əldə olunmuşdur. Yerli əhali tərəfindən Naxçıvanın müdafiəsi uğrunda aparılan mübarizə və naxçıvanlı diplomatların qətiyyətli mövqeyi muxtariyyətin qazanılmasında mühüm amil olmuşdur. Ümummilli liderimiz Heydər Əliyevin 1969-cu ildə ölkəmizdə hakimiyyətə gəlişindən sonra Azərbaycanın digər əraziləri kimi, Naxçıvan Muxtar Respublikasının da sosial-iqtisadi inkişafı sürətlənmiş, görülən işlər Naxçıvanın və onun muxtariyyətinin qorunub saxlanılması üçün real əsaslar yaratmışdır. Həmin dövrdən başlayaraq Naxçıvan Muxtar Respublikasında genişmiqyaslı quruculuq tədbirləri aparılmış, iri sənaye müəssisələri, zavodlar, fabriklər fəaliyyətə başlamış, bütün sahələrdə uğurlu nailiyyətlər qazanılmışdır.
Ötən əsrin 90-cı illərində Ermənistanın işğalçılıq siyasəti nəticəsində Naxçıvanın blokadaya salınması və muxtar respublika ərazilərinin növbəti dəfə itirilmək təhlükəsi ilə üzləşdiyi bir vaxtda da ulu öndər Heydər Əliyev şəxsiyyəti və siyasi iradəsi bu diyarı təhlükələrdən xilas etmişdir. Bu mənada dahi şəxsiyyətin qədim diyarda yaşayıb işlədiyi 1990-1993-cü illər Naxçıvanın muxtariyyətinin möhkəmləndirilməsində, onun düşmən hücumlarından qorunmasında mühüm mərhələ təşkil edir. Müstəqil Azərbaycana rəhbərliyi dövründə isə ümummilli liderin Naxçıvanla bağlı qəbul etdiyi qərarlar, bu diyara səfərləri, ərazi bütövlüyü və təhlükəsizliyi üçün gördüyü tədbirlər Naxçıvanın hərtərəfli inkişafını təmin etmiş, muxtar respublika çiçəklənən diyara çevrilmişdir.
“Naxçıvanın qədim dövlətçilik tarixi vardır. Bu, Azərbaycanın dövlətçilik tarixidir”, – deyən ulu öndər Heydər Əliyevin ideyaları Naxçıvanda yeni inkişaf erasının başlanmasına rəvac vermiş, muxtar respublikamızda bu siyasətin uğurla davam etdirilməsi nəticəsində inkişafa nail olunmuşdur. Bu gün muxtar respublikada əldə olunan bütün nailiyyətlərdə ümummilli liderimizin işi və əməlləri yaşayır. Zaman etibarilə o qədər də böyük olmayan bu dövrdə Naxçıvan Muxtar Respublikasının iqtisadiyyatı dinamik inkişaf etmiş, sosial proqramlar qəbul edilərək icra olunmuşdur.
Naxçıvanın muxtar respublika statusu bu bölgənin 90 illik tarixi taleyində, onun ərazisinin qorunub saxlanılmasında və təhlükəsizliyinin təmin edilməsində çox mühüm rola malik olmuşdur. Bu illərdə Naxçıvan Muxtar Respublikası Azərbaycanın iqtisadi qüdrətinin yüksəlməsinə və hərtərəfli inkişafına da öz layiqli töhfəsini vermişdir. Azərbaycan Prezidenti İlham Əliyevin dediyi kimi: “Milli istiqlaliyyət yolunda Naxçıvanın atdığı cəsarətli addımlar bütün Azərbaycan xalqı tərəfindən rəğbətlə qarşılanmış, respublikada cərəyan edən ictimai-siyasi proseslərə öz müsbət və həlledici təsirini göstərmişdir. Naxçıvan Muxtar Respublikası bu gün milli dövlət quruculuğu prosesinin fəal iştirakçısı olub, ölkəmizin iqtisadi qüdrətinin artırılması və intellektual potensialının gücləndirilməsinə dəyərli töhfələr verir”.
Həmin gün Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov və tədbir iştirakçıları Naxçıvan şəhərindəki Şəhidlər xiyabanını da ziyarət etmişlər.
Ali Məclisin Sədri Şəhidlər xiyabanındakı “Ana abidəsi”nin önünə gül düzmüş, şəhidlərin xatirəsinə ehtiramını bildirmişdir.
Sonra Naxçıvan Qarnizonunun hərbi orkestrinin ifasında Azərbaycan Respublikasının Dövlət himni səslənmişdir.
Ali Məclisin Sədri Vətənimizin azadlığı və ərazi bütövlüyü uğrunda mübarizədə öz canlarından keçərək şəhidlik zirvəsinə ucalanların məzarlarını və 1918-1920-ci illərdə erməni daşnakları ilə mübarizədə Naxçıvanın köməyinə gələn qardaş Türkiyə ordusunun bu torpaqlarda şəhid olmuş əsgərlərinin xatirəsinə ucaldılmış abidəni ziyarət edərək tər güllər qoymuşdur.
AzərTac.az