Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Türkiyənin Naxçıvana yeni təyin olunmuş Baş konsulu ilə görüşüb
Noyabrın 21-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Türkiyənin muxtar respublikaya yeni təyin olunmuş Baş konsulu Nihat Ərşən ilə görüşüb.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin mətbuat xidmətindən AzərTAc-a bildirilib ki, Ali Məclisin Sədri Vasif Talıbov Nihat Ərşəni muxtar respublikada Baş konsul kimi fəaliyyətə başlaması münasibətilə təbrik edib, Naxçıvanın qardaş ölkələr olan Azərbaycan və Türkiyə, eləcə də bütün türk dünyası üçün əhəmiyyətini diqqətə çatdırıb. Ölkələrimiz arasındakı münasibətlərin uğurla inkişaf etdiyini bildirən Ali Məclisin Sədri qədim türk torpağı olan Naxçıvanın dünyada tanıdılmasında birgə fəaliyyətin vacibliyini vurğulayıb.
Ali Məclisin Sədri zəngin diplomatik təcrübəyə malik olan Baş konsulun Azərbaycanın Naxçıvan Muxtar Respublikası ilə Türkiyə arasında əlaqələrin daha da möhkəmləndirilməsinə töhfə verəcəyinə əminliyini bildirib, ona fəaliyyətində uğurlar arzulayıb.
Səmimi görüşə görə minnətdarlıq edən Nihat Ərşən dost və qardaş ölkə olan Azərbaycanın Naxçıvan Muxtar Respublikasında çalışmaqdan məmnunluğunu bildirib. Baş konsul diplomatik fəaliyyəti müddətində ikitərəfli münasibətlərin inkişafı sahəsində səylərini əsirgəməyəcəyini qeyd edib.
Söhbət zamanı əlaqələrin inkişafı ilə bağlı fikir mübadiləsi aparılıb.
AzərTac.az