“Həmin gündən etibarən rayon qeydiyyatında olan avtomobillərlə Bakıda taksi fəaliyyətinə icazə verilməyəcək”
İyun ayının 1-dən rayon qeydiyyatında olan avtomobillərin Bakıda taksi fəaliyyətinə icazə verilməyəcək.
“APA-Economics”in məlumatına görə, bunu nəqliyyat nazirinin müavini Musa Pənahov deyib.
“İyunun 1-dən qeyri-qanuni taksi fəaliyyətində istifadə olunan, rayon qeydiyyatında olan avtomobillərin Bakı şəhərinə daxil olması qadağan olunacaq”, – deyə nazir müavini qeyd edib.
Onun sözlərinə görə, həmin gündən etibarən rayonlardan şəxsi işləri üçün öz avtomobilləri ilə Bakıya gələnlərin nəqliyyat vasitələri paytaxta buraxılmayacaq.
“Bakı şəhərinə öz şəxsi işləri ilə məşğul olmağa gələnlər üçün Bakı ətrafında – həm şimal, həm də qərb hissəsində xüsusi mühafizə olunan dayanacaqların ayrılması nəzərdə tutulub. Onlar bu dayanacaqlarda nəqliyyat vasitələrini saxlaya bilərlər. Belə şəxslərin şəhərin mərkəzinə, metro stansiyalarına gəlmələri üçün avtobuslar təşkil olunacaq”, – deyə M. Pənahov vurğulayıb.
Nazir müavini əlavə edib ki, bu qərar I Avropa Oyunları ilə əlaqədar verilib və paytaxtın nəqliyyat sistemində olan problemlərin aradan qaldırılması məqsədini daşıyır: “Bu qərar şəhərin mərkəzi hissəsində nəqliyyat axınının azalmasına yönəldilib. Qərar müvəqqəti xarakter daşıyır. Kifayət qədər böyük tədbir olduğunu nəzərə alaraq, sərnişin axınının tənzimlənməsi, eyni zamanda idmançıların və onlara bərabər tutulan şəxslərin oyunların keçiriləcəyi yerlərə vaxtında çatdırılmasına şərait yaratmağa yönəldilib”.
Apa.az