MTN-də ümummilli lider Heydər Əliyevin xatirəsinin anım tədbirləri keçirilib

Posted by

MTN-də ümummilli lider Heydər Əliyevin xatirəsinin anım tədbirləri keçirilibMTN-də ümummilli lider Heydər Əliyevin xatirəsinin anım tədbirləri keçirilib

MTN-də ümummilli lider Heydər Əliyevin xatirəsinin anım tədbirləri keçirilib

Milli Təhlükəsizlik Nazirliyində (MTN) ümummilli lider Heydər Əliyevin xatirəsinin anım tədbirləri keçirilib.

 

MTN-in İctimai Əlaqələr İdarəsindən Trend-ə verilən məlumata görə, general-polkovnik Eldar Mahmudov və Milli Təhlükəsizlik Nazirliyinin şəxsi heyəti Fəxri xiyabana gələrək, Azərbaycanın təhlükəsizlik orqanlarının əbədi və fəxri rəhbəri, bu mühüm dövlət təsisatında milliləşmə prosesinin və peşəkarlıq məktəbinin banisi, Milli Təhlükəsizlik Nazirliyinin xalqın maraqlarının və təhlükəsizliyinin etibarlı təminatçısı kimi formalaşmasında misilsiz xidmətləri olan ümummilli lider Heydər Əliyevin xatirəsini ehtiramla yad etmiş, məzarı önünə əklil qoyublar. Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi ehtiramla anılıb, məzarı üzərinə gül dəstəsi düzülüb.

 

Sonra anım mərasimi Milli Təhlükəsizlik Nazirliyinin Heydər Əliyev adına Akademiyasında davam etdirilib. Əvvəlcə ümummilli liderin xatirəsi bir dəqiqəlik sükutla yad olunub, dövlət himni səsləndirilib.

 

Akademiyanın rəisi general-leytenant Ziya Yusif-zadə çıxış edərək bildirib ki, Heydər Əliyev haqqında söz demək məsuliyyətli və çətin olduğu qədər də şərəflidir. Məsuliyyətlidir ona görə ki, Heydər Əliyev sıradan bir insan deyil, əsrimizin zirvəsi, xalqımızın lideridir. Çətindir ona görə ki, ulu öndərin həyat və fəaliyyəti haqqında yüzlərlə kitab, minlərlə məqalə yazılıb, namizədlik və doktorluq dissertasiyaları müdafiə olunub. Şərəflidir, ona görə ki, Heydər Əliyev fenomeni, mənəvi xəzinəsi tükənməzdir. Nə qədər müraciət etsən, gələcək nəsillərə çatdırsan, o qədər də yeni nəfəs verəcək, yenə də nur saçacaq.

 

Ulu öndərin xarakterik xüsusiyyətlərindən və iş prinsiplərindən söz açan natiq qeyd edib ki, taleyin qisməti ilə ömrümün yarıdan çoxunu Heydər Əliyevin rəhbərliyi altında işlədiyi vaxt ulu öndərin dahiyanə şəxsi və insani keyfiyyətlərinin, tükənməz təşkilatçılıq qabiliyyətinin bilavasitə iş prosesində şahidi olub. Ümummilli lider Heydər Əliyev istər sıravi və istərsə də rəhbər vəzifələrdə işləyəndə daim öz nizam-intizamı, işə tələbkarlığı ilə seçilib. O, əsl zabit kimi tabeçiliyində olanlara nümunə idi. Doğrudur, onlara qarşı çox tələbkar idi, amma özünə qarşı daha tələbkar idi. Odur ki, tələbkarlığı da xeyirxahlığı kimi, müsbət qarşılanır, təbii qəbul edilirdi. Səbəb isə Heydər Əliyev şəxsiyyətidir, onun təbiətdən gələn, millətinə, vətəninə məhəbbətini göstərən yüksək keyfiyyətləridir.

 

Bildirilib ki, hər bir xalq onun mentalitetini özündə əks etdirən, onun qəhrəmanlarının məziyyətlərini özündə daşıyan şəxsiyyətləri lider kimi görmək istəyir. Heydər Əliyev də Azərbaycan xalqının önəm verdiyi yüksək dəyərlərin daşıyıcısı idi. Səbirli və tədbirli olduğu qədər də, cəsarətli və qətiyyətli idi, sözü ilə əməli bütöv insan idi. Heç vaxt heç kimin qarşısından geri çəkilməzdi, dünyada heç bir qüvvə onu öz yolundan döndərə bilməzdi. Vətən sevgisi, millət təəssübkeşliyi onun canında, qanında idi. O, təhlükəsizlik orqanlarında işləyəndə də, cəsarətlə milli ziyalıları müdafiə edir, onların vurulmasına, sıradan çıxarılmasına imkan vermirdi. Azərbaycana birinci rəhbərliyi dövründə də, qapalı sistemin qadağalarına baxmayaraq, cəmiyyətdə saflığın və düzgünlüyün müdafiəsinə və mübarizəsinə qalxmışdı. O, heç bir şeydən çəkinmədən həqiqəti deyirdi. Çünki təbiətən belə idi. Haqqın-ədalətin tərəfində idi. İttifaq rəhbərliyində, Moskvada işləyəndə də Azərbaycanı cəsarətlə müdafiə edir, respublikanın problemlərini qabardır, həllinə nail olmaq istəyirdi. Buna görə də Azərbaycan xalqı onu sevir, dəstəkləyirdi. Azərbaycan xüsusi xidmət orqanlarının inkişafında əvəzsiz rolu olan ulu öndər Heydər Əliyevin şanlı məktəbinin ənənələrini qürurla yaşadan Milli Təhlükəsizlik Nazirliyinin şəxsi heyəti də ümummilli liderin dövlətçiliyin və milli maraqların etibarlı qorunması irsini əzmlə davam etdirir.

 

Ulu öndər Heydər Əliyevin uzaqgörən siyasəti, dahi bir şəxsiyyət olduğunu bir daha göstərən əsas amillərdən biri daim Azərbaycanın gələcəyini fikirləşməsi, onun siyasətini davam etdirəcək, arzularını, ideyalarını gerçəkləşdirəcək möhtərəm İlham Əliyev kimi müdrik bir siyasətçini yetişdirməsi, ona inanması və etimad gostərməsidir. Azərbaycan xalqı da ümummilli liderin bu etimadını yüksək dəyərləndirdi və millətin, dövlətin taleyini təyin etmək kimi məsuliyyətli vəzifəni cənab İlham Əliyevə etibar etdi. Azərbaycan Respublikasının Prezidenti bu gün öz şərəfli işi, yorulmaz fəaliyyəti ilə ümummilli liderin və xalqın inamını şərəflə doğrultduğunu sübut edir. Nəticələr də göz önündədir. Hazırda bütün dünyada iri miqyaslı qarşıdurmaların, iqtisadi böhranların baş verdiyi bir zamanda, Azərbaycanın xalqı öz taleyindən arxayındır, sabaha inamlıdır. Çünki Azərbaycanın bu günü, sabahı etibarlı əllərdədir, Azərbaycanın möhtərəm İlham Əliyev kimi müdrik Prezidenti var. Bu cür mürəkkəb zamanda ölkəyə bacarıqla başçılıq edir, Azərbaycanı iqtisadi böhranlardan qoruyaraq irəli, inkişafa və rifaha doğru aparır. Respublikamız dünya miqyasında iqtisadi artım sürətinə görə ön sıralarda gedən, yenilikçi və islahatçı ölkə kimi tanınır, beynəlxalq aləmdə nüfuzu sürətlə artır.

 

General-leytenant Ziya Yusif-zadə qeyd edib ki, Heydər Əliyev siyasəti ölməzdir və bu strateji siyasət Prezident İlham Əliyev tərəfindən uğurla və yaradıcılıqla davam etdirilir. Ulu öndər Heydər Əliyev deyirdi ki, “biz həm ölkəmizin suverenliyini, ərazi bütövlüyünü qorumaq üçün çalışırıq, həm də vətəndaşlarımızın rifahını yaxşılaşdırmağa, yaranmış vəziyyətdə müxtəlif və yeni formalardan istifadə edərək iqtisadiyyatı inkişaf etdirməyə çalışırıq”. Möhtərəm Prezident İlham Əliyevin həyata keçirdiyi müdrik daxili və xarici siyasətin də əsas hədəfləri budur: xalqımızın azad, təhlükəsiz və firavan yaşaması, Dağlıq Qarabağ probleminin Azərbaycanın ərazi bütövlüyü, beynəlxalq normalar əsasında həll olunması, qaçqın və məcburi köçkün soydaşlarımızın ata-baba yurdlarına qayıtmasıdır.

 

Tədbirdə çıxış edən Akademiyanın kafedra rəisi A.İsmayılov, dinləyici A.İsalı, kursantlar E.Qeybullasoy və İ.Əzizli ümummilli lider Heydər Əliyevin gənclərə göstərdiyi diqqət və qayğıdan, dahi şəxsiyyətin misilsiz fəaliyyəti nəticəsində Azərbaycanın müstəqilliyini qoruyub saxlamasından, müasir dövlət quruculuğundakı rolundan danışıb, Ulu Öndərin ideyalarının həyata keçirilməsində fəal iştirakçı olmaqdan şərəf və qürur duyduqlarını bildiriblər.

 

Tədbirin sonunda ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən sənədli filmi nümayiş etdirilib.

 

Trend.az