MTN: Bəzi neft və qaz kəmərlərinin təmas xəttinə yaxın məsafədən keçməsi təhdid yaradır
“Qərb istiqamətində neft və qazın nəqli üzrə fəaliyyət göstərən kəmərlərin bir hissəsi Ermənistan silahlı qüvvələri ilə təmas xəttinə yaxın məsafədən keçir. Bu da bir təhdid istiqaməti kimi qiymətləndirilir”. Bunu konfransda çıxış edən Azərbaycan Milli Təhlükəsizlik Nazirliyinin Enerji infrastrukturunun mühafizəsi şöbəsinin müdiri Cavad Tınayev bildirib.
Onun sözlərinə görə, kəmərlərin Gürcüstan ərazisindən keçən hissəsində ermənilərin kompakt yaşaması və həmin ərazilərdə kəmərlərin istismarına müxtəlif şirkətlər vasitəsilə cəlb olunması da təhdid mənbəyidir. İkinci əsas məsələ terrorçu və ekstremist təşkilatların nümayədələrinin strateji infrastruktur obyektlərinə nüfuz olunmasıdır.
Şöbə müdiri bildirib ki, müxtəlif şirkətlər tərəfindən layihələrdə işə qəbul adı altında bir sıra ölkələrdən, xüsusilə terrorun müəyyən qədər yayıldığı ölkələrdən işçi qüvvəsinin cəlb olunması halları mövcuddur. Bu da müxtəlif terrorçu təşkilatlara aid şəxslərin obyektlərə daxil olmasına imkan yaradır: “Dənizdəki infrastruktur obyektlərin təhlükəsizliyi ilə bağlı Xəzər dənizinin hüquqi statusunun müəyyən edilməməsi də əlavə təsir göstərir. Dənizdə nəqliyyat vasitələrinin, digər neqativ fəaliyyətin baş verməsi, yanacaq, neft məhsullarının, silah qaçaqmalçılığı ilə məşğul olan cinayətkar qrupların fəaliyyəti əlavə təhdid mənbəyi kimi qiymətləndirilir. Biz enerji infrastrukturlarının təhlükəsizliyinə aiddiyəti olan qurumlarla əməkdaşlıq etməyə hazırıq”.