Mətbuat Şurası: Seçkilərlə bağlı jurnalistlərdən “Qaynar xəttə” heç bir müraciət daxil olmayıb
Bu gün saat 12.00-dək Azərbaycan Mətbuat Şurasında 9 oktyabr prezident seçkisi ilə əlaqədar yaradılmış “qaynar xətt”ə prosesi işıqlandıran jurnalistlər tərəfindən hər hansı müraciət daxil olmayıb. Bu barədə Mətbuat Şurasından Trend-ə daxil olan məlumatda bildirilir.
Mətbuat Şurasının müxtəlif yerlərdə seçkini izləyən monitorinq qrupunun üzvləri də media təmsilçilərinin peşə fəaliyyətini yerinə yetirmələrinə hər hansı maneçilik faktı qeydə almayıblar.
Bundan başqa MŞ sədri Əflatun Amaşov Nəsimi, qurumun sədr müavini Umud Rəhimoğlu Binəqədi, Şuranın İdarə Heyətinin üzvlərindən – “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə və “Azərbaycan” qəzetinin baş redaktoru Bəxtiyar Sadıqov Xətai, Demokratik Jurnalistlər Liqasının sədri Yadigar Məmmədli Səbail, “Paralel” qəzetinin baş redaktoru Tapdıq Abbas Beyləqan, Füzuli və Xocavənd rayonunun seçki məntəqələrində jurnalistlərə yaradılmış şəraitlə, eləcə də onların prosesi işıqlandırmalarının vəziyyətilə tanış olublar. Bununla bağlı hər hansı neqativ cəhət qeydə alınmayıb.