Müəssisələrdə təhlükəsizliklə bağlı aparılan tədbirlər gücləndirilib
Dövlət Əmək Müfəttişliyi Xidməti müəssisələrdə təhlükəsiz və sağlam əmək şəraitinin yaradılması istiqamətində tədbirləri gücləndirib. Bu barədə Trend-ə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.
“İstehsalatla əlaqəli bədbəxt hadisələr ilk növbədə işəgötürənlərin əməyin mühafizəsi və texniki təhlükəsizlik qaydalarına, norma və standartlara əməl etməməsindən irəli gəlir. Ona görə də bu məsələlərlə bağlı işəgötürənlərin məsuliyyətinin daha da artırılmasına ehtiyac var. Son dövrlər həm dövlət nəzarətinin gücləndirilməsi, həm də bir sıra institusional tədbirlərin həyata keçirilməsi nəticəsində cari ilin 8 ayında istehsalatla əlaqəli bədbəxt hadisələrin sayı ötən ilin müvafiq dövrü ilə müqayisədə 33,3 faiz azalıb. Lakin əsas məqsəd odur ki, ümumiyyətlə, belə hadisələrin baş verməməsi üçün iş yerlərində səylər daha da artırılsın”.
Bu fikirlər Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin (DƏMX) Sumqayıt şəhərində “Təhlükəsiz iş aylığı” çərçivəsində təşkil etdiyi “Açıq qapı” günü-vətəndaş forumunda vurğulanıb.
Tədbirdə ƏƏSMN-nin 6, 7 və 12 saylı regionlar üzrə Dövlət Əmək Müfəttişliklərinin nümayəndələri və həmin regionları əhatə edən 9 rayon və şəhərin (Binəqədi, Abşeron, Sumqayıt, Xızı, Siyəzən, Dəvəçi, Xacmaz, Quba, Qusar) 100-ə yaxın işəgötürəni iştirak edib.
Forumda çıxış edən DƏMX-nin rəis müavini Məhərrəm Məhərov bildirib ki, bir sıra işəgötürənlər tərəfindən iş yerlərində əməyin mühafizəsi qaydalarının yerinə yetirilməməsi, müəssisələrdə təhlükəsiz və sağlam əmək şəraitinin yaradılmasına lazımi səviyyədə diqqət göstərilməməsi işçilərin həyat və sağlamlığını təhlükə altında qoyur. Əmək qanunvericiliyinə əsasən iş yerlərində təhlükəsiz əmək şəraitinin yaradılması, peşə risklərinin düzgün qiymətləndirilməsi və baş verə biləcək istehsalat qəzalarının qarşısının alınması üçün önləyici tədbirlərin görülməsi işəgötürənlərin əsas vəzifələrindən biridir: “Xidmət tərəfindən son dövrlər bu istiqamətdə həyata keçirilən tədbirlərin əsas məqsədi işəgötürənlərdə işçilərin əməyinin mühafizəsi ilə bağlı məsuliyyət hissinin artırılması, hər bir işçinin təhlükəsiz və sağlam əmək şəraiti ilə təmin olunması, bu sahədəki, nöqsanların aradan qaldırılmasından ibarətdir”.
Tədbirdə DƏMX-nin əməkdaşları tərəfindən işəgötürənlərə əməyin mühafizəsi, bu sahədə tənzimləyici normativ-hüquqi aktlar, istehsal qəzası riski yüksək olan müəssisələrdə, habelə avtomobillərə texniki xidmət və avtoyuma məntəqələrində qəzaların qarşısının alınması üçün qabaqlayıcı tədbirlər barədə maarifləndirici məlumatlar verilib.
“Açıq qapı” günü-vətəndaş forumu işəgötürənlərin iş yerlərində əməyin mühafizəsi ilə bağlı suallarının cavablandırılması ilə davam edib.
Trend.az