Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilib
Sentyabrın 4-də Məzahir Pənahovun sədrliyi ilə Mərkəzi Seçki Komissiyasının (MSK) növbəti iclası keçirilib.
Mərkəzi Seçki Komissiyası katibliyinin media və ictimai əlaqələr şöbəsindən AZƏRTAC-a bildiriblər ki, əvvəlcə Komissiyanın avqustun 31-də keçirilmiş iclasının protokolu təsdiq edilib.
Sonra 2015-ci il noyabrın 1-nə təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə Yeni Azərbaycan Partiyası, Azərbaycan Ümid Partiyası, Milli Dirçəliş Hərəkatı Partiyası, Müsavat Partiyası, Ana Vətən Partiyası, Azərbaycan Milli İstiqlal Partiyası, Vətəndaş Həmrəyliyi Partiyası və Azərbaycan Sosial Demokrat Partiyasının səlahiyyətli nümayəndələrinin qeydə alınması məsələsi müzakirə edilib və adıçəkilən partiyalar tərəfindən təqdim olunmuş şəxslər səlahiyyətli nümayəndələr kimi qeydə alınıb.
Milli Məclisə seçkilərdə birgə iştirak etmək məqsədilə Aydınlar Partiyası, Azadlıq Partiyası, Azərbaycan Xalq Partiyası, Azərbaycan Liberal Demokrat Partiyası, Böyük Azərbaycan Partiyası, Klassik Xalq Cəbhəsi Partiyası və Vətəndaş və İnkişaf Partiyası tərəfindən yaradılmış “AZADLIQ-2015” siyasi partiyalar bloku Komissiya üzvlərinin müzakirəsindən sonra MSK-nın qərarı ilə qeydə alınıb və blokun emblemi təsdiq edilib.
İclasda bəzi seçki dairələri dairə seçki komissiyalarının tərkibində dəyişikliklər edilib.
Beynəlxalq qurumların və kütləvi informasiya vasitələrinin nümayəndələrinin iştirak etdiyi iclasda cari məsələlərə də baxılıb.
AZƏRTAC