Mərkəzi Nəbatat Bağının ərazisindəki ağacların kəsilməsinə rəsmi aydınlıq gətirildi
Azərbaycan Milli Elmlər Akademiyasının Mərkəzi Nəbatat Bağı ərazisindəki ağacların bir qisminin kəsilməsi və burada tikinti işlərinin aparılacağı barədə yayılan məlumatlara rəsmi aydınlıq gətirib.
Mərkəzi Nəbatat Bağından Trend-ə bildirilib ki, ərazidə ağacların kəsilərək daşınması və tikinti işlərinin aparılacağı barədə deyilənlərin heç bir əsası yoxdur. Yalnız yenidənqurma məqsədilə Mərkəzi Nəbatat Bağındakı ağacların bir qismi bağın digər hissələrinə köçürülüb və artıq əkilib. Ağacların köçürüldüyü ərazinin sahəsi yarım hektardan çox deyil: “Həmin ərazidəki bitkilər kəsilərək bağdan çıxarılmayıb. Orada tədqiqat işləri ilə əlaqədar yenidənqruma işlərinin aparılması gözlənilir”.
Bağdan qeyd edilib ki, ərazidəki ağacların bağın başqa hissələrinə köçürülməsinin səbəbi isə həmin ərazidə yerin altından kommunikasiya xətlərinin keçməsi və elektrik naqillərinin olmasıdır. Həmin ərazidəki ağaclar böyük olduğundan kommunikasiya xətləri onların köklərinin inkişafına mane olub. Bu səbəbdən də ağacların inkişafı üçün lazımi şərait yaranmayıb: “Bağın rəhbərliyi də bunu nəzərə alaraq, ərazidəki ağacları başqa yerə köçürməklə həmin ərazini sırf tədqiqat məqsədilə istifadə edəcək. Orada kökləri daha dərin olmayan bitkilərin əkilməsi nəzərdə tutulur. Ağacların kökləri böyük olduğundan onları əl ilə çıxarmaq mümkün olmazdı. Ona görə də ağacları traktor çıxarıb. Ağaclara müəyyən zədələr dəysə də, bu, o qədər də qorxulu olmayıb”.
Qeyd edək ki, son günlər Mərkəzi Nəbatat Bağındakı ağacların kütləvi şəkildə kəsilməsi ilə əlaqədar informasiyalar yayılıb.
Trend.az