Moskvadakı internat və uşaq evlərinin yetirmələrinə Leyla Əliyevanın adından Yeni il hədiyyələri təqdim olunub
Moskvadakı “Baku” Kinokonsert Kompleksində Rusiya paytaxtının internet və uşaq evlərinin yetirmələri, habelə Azərbaycan etnomədəni komponentli 157 nömrəli və gürcü etnomədəni komponentli 1331 nömrəli məktəblərin şagirdləri üçün maraqlı şou təşkil edilib. Trend-in AzərTAc-a istinadən verdiyi məlumata görə, Heydər Əliyev Fondunun Rusiyadakı nümayəndəliyi və Ümumrusiya Azərbaycanlılar Konqresi tərəfindən hazırlanmış bayram tədbirində 500-dən çox uşaq iştirak etmişdir. Şənliyin bütün iştirakçılarına Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın adından gözəl hədiyyələr təqdim olunmuşdur.
Uşaqlar üçün bayram yolkası bəzədilmişdir. S.V.Obraztsov adına Rusiya Dövlət Akademik Mərkəzi Kukla Teatrının aktyorları “Durnabalığının buyruğu ilə” musiqili tamaşasını təqdim etmişlər. Yolka şənliyinə gələn uşaqlar tamaşaya baxmaqla bərabər, onun iştirakçısı olmuşlar.
Uşaqlar Şaxta Baba və Qar Qız ilə birlikdə yolkanın ətrafında dövrə vurmuş, oynaq mahnıların sədaları altında rəqs etmişlər.
Foyedə qoyulmuş şokoladlı fəvvarə, nəhəng sabun köpükləri, əl işlərinin sərgiləndiyi dövrə, sulu boya ilə rəngləmək üçün guşələr, rəngbərəng şarlar hər bir uşağı sevindirmişdir.
Uşaqlar tamaşaya və hədiyyələrə heyran qalmışlar. Onlarla bərabər valideynlərinin də, bayram tədbirinin təşkilatçılarının da ovqatı yüksəlmişdir.