Moskvada Xəzəryanı dövlətlərin xarici işlər nazirlərinin konfransı keçirilmişdir

Posted by

Moskvada Xəzəryanı dövlətlərin xarici işlər nazirlərinin konfransı keçirilmişdir

Moskvada Xəzəryanı dövlətlərin xarici işlər nazirlərinin konfransı keçirilmişdir

Moskvada Xəzəryanı dövlətlərin xarici işlər nazirlərinin konfransı keçirilmişdir

Aprelin 22-də Moskvada Xəzəryanı ölkələrin xarici işlər nazirlərinin konfransı keçirilmişdir.

Azərbaycan, Rusiya, İran, Qazaxıstan və Türkmənistanın xarici işlər nazirləri iştirak etdikləri konfransda Xəzəryanı ölkələrin dövlət başçılarının Həştərxanda keçiriləcək IV Zirvə görüşünə hazırlıq məsələləri müzakirə olunmuşdur. Nazirlər qarşıda gələn regional forumun proqramını və gündəliyini müzakirə etmişlər.

Konfransda, həmçinin Xəzəryanı ölkələrin dövlət başçılarının 2010-cu ildə Bakıda keçirilmiş Zirvə görüşünün qərarlarının yerinə yetirilməsi istiqamətində görülən işlər, o cümlədən Xəzər dənizinin hüquqi statusunun işlənib hazırlanması, təhlükəsizlik, ətraf mühitin mühafizəsi, bioloji su resurslarının qorunub saxlanması və onlardan səmərəli istifadə olunması, fövqəladə halların qarşısının alınması və aradan qaldırılması kimi məsələlər təhlil edilmişdir.

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov konfransda çıxış edərək bildirmişdir ki, Xəzəryanı ölkələrin dövlət başçılarının Bakıda keçirilən görüşündən 4 il ötmüşdür və artıq əməkdaşlığın gələcək istiqamətlərinin müəyyən edilməsi üçün zərurət yaranmışdır. Dövlət başçılarının bu ilin payızında Həştərxanda keçiriləcək Zirvə görüşünün gündəliyinin hazırlanması və yekun sənədlərin qəbul edilməsi Xəzərin statusunun müəyyənləşdirilməsi istiqamətində əsas prinsiplərin razılaşdırılmasında irəliləyişin əldə olunmasına kömək edəcək və əməkdaşlıq üçün mövcud bazanı möhkəmləndirəcəkdir.

E.Məmmədyarov demişdir: “Bu baxımdan Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiyanın işlənib hazırlanmasına dair xarici işlər nazirlərinin müavinləri səviyyəsində xüsusi işçi qrupunun fəal işini, habelə bu qrupun dövlət başçılarının Həştərxan Zirvə görüşünün yekun sənədinin razılaşdırılmasına dair səylərini xüsusi qeyd etmək istərdim”.

Nazir vurğulamışdır ki, hazırda Xəzər dənizinin hidrometeorologiyası sahəsində əməkdaşlığa dair Saziş imzalanmaq üçün hazırdır. Eyni zamanda, Xəzər dənizində fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması sahəsində əməkdaşlıq haqqında Saziş də razılaşdırılmışdır. Xəzərin bioloji ehtiyatlarının qorunub saxlanması və onlardan rasional istifadə edilməsi haqqında Sazişin razılaşdırılması üzərində iş başa çatır. Xəzərdə təhlükəsizlik sahəsində əməkdaşlıq haqqında 2010-cu ildə Bakıda imzalanmış Sazişin Xəzəryanı dövlətlərin hamısı tərəfindən ratifikasiya edilməsi bu sahədə əməkdaşlığa yeni təkan vermişdir.

Nazir E.Məmmədyarov vurğulamışdır ki, Azərbaycan Xəzəryanı dövlətlərin Xəzər dənizinin bugünkü ekoloji vəziyyəti ilə bağlı narahatlığını bölüşür. Eyni zamanda, 2015-ci ilin yanvarında Katibliyi qəbul edəcək ilk ölkə kimi Azərbaycan bu istiqamətdə uğurlu fəaliyyət üçün hər bir şərait yaratmağa hazırdır. Xəzərin hüquqi statusu haqqında Konvensiya layihəsinin ətraf mühitin qorunmasına dair müddəaları da tamamilə razılaşdırılmışdır.

Azərbaycan xarici işlər naziri demişdir ki, beynəlxalq əməkdaşlığın möhkəmləndirilməsi, enerji ehtiyatlarının mənimsənilməsi və beynəlxalq bazarlara nəqli istiqamətində investisiya mühitinin yaxşılaşdırılması, etibarlı kommunikasiyaların yaradılması, yüksək rentabelli və ekoloji cəhətdən təmiz texnologiyaların cəlb edilməsi prioritet məsələlər olaraq qalır. E.Məmmədyarov bildirmişdir: “Xəzər dənizi bir çox beynəlxalq və regional layihələrdə nəqliyyat dəhlizi kimi mühüm rol oynayır. Xəzər dənizini Qara dəniz və Aralıq dəniz ilə birləşdirən layihələrin, o cümlədən Bakı-Supsa, Bakı-Tbilisi-Ceyhan neft kəmərlərinin, habelə Bakı-Tbilisi-Ərzrum qaz kəməri və Bakı-Tbilisi-Qars dəmir yolu xətti kimi layihələrin həyata keçirilməsi Xəzər regionu ölkələrinin iqtisadi inkişafına və rifahına, dünyada enerji təhlükəsizliyinin təmin olunmasına xidmət edir”.

Nazir bildirmişdir ki, Xəzər dənizində hərbi fəaliyyət Xəzəryanı dövlətlərin hər biri üçün bərabər təhlükəsizlik şəraitinin təmin edilməsi prinsipi əsasında həyata keçirilməlidir. Bu, regionda dostluğun, əməkdaşlığın və mehriban qonşuluq münasibətlərinin möhkəmlənməsinə xidmət edə bilər. E.Məmmədyarov ümidvar olduğunu bildirmişdir ki, ticarət gəmiçiliyi, gəmilərin digər ölkələrin milli suverenliyi altında olan sulardan dinc məqsədlərlə keçməsi hüququ, Xəzərin dibindən kabellərin və boru kəmərlərinin çəkilməsi, habelə elmi tədqiqatların aparılması məsələləri beynəlxalq dəniz hüququ çərçivəsində beynəlxalq normalara uyğun danışıqlar prosesində həll olunacaqdır. Nazir demişdir: “Biz Azərbaycan Respublikası, Qazaxıstan Respublikası və Rusiya Federasiyası arasında Xəzər dənizinin dibinin bölünməsi haqqında imzalanmış sazişləri yüksək qiymətləndiririk. Bu sazişlər Xəzər dənizinin hüquqi statusunun ayrılmaz hissəsi və ümumi razılaşmaların əldə edilməsi üçün əsasdır. Azərbaycan əməkdaşlığın bütün sahələrinə, o cümlədən Xəzərin hüquqi statusuna dair bütün məsələlərin Xəzəryanı dövlətlərin suveren hüquqlarına hörmət, qarşılıqlı tərəfdaşlıq ruhunda, dinc yolla və danışıqlar vasitəsilə həllinə tərəfdardır”.

Görüş başa çatdıqdan sonra keçirilən mətbuat konfransında Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirmişdir ki, bugünkü tədbirdə bütün nazirlər Xəzərdə qarşılıqlı fəaliyyətin əsas prinsiplərinə – bərabər hüquq, bir-birinin maraqlarının nəzər alınması və Xəzəryanı dövlətlərin suveren hüquqlarının həyata keçirilməsi prinsiplərinə və ilk növbədə təhlükəsizliyin qorunması və 5 dövlətin rəhbər tutduğu qaydaların müəyyən edilməsinə tərəfdar olduqlarını təsdiq etmişlər. Konfransda Xəzər dənizində təhlükəsizlik sahəsində əməkdaşlığa dair 2010-cu ildə Bakıda imzalanmış razılaşmalara yeni protokolların əlavə edilməsi və bununla da terrorizm, narkotrafik, brakonyerlik və digər çağırışlarla mübarizədə qarşılıqlı əməkdaşlığı fəallaşdırmaq barədə razılıq əldə edilmişdir. Xarici işlər nazirləri Xəzərin dəniz mühitinin mühafizəsinə dair çərçivə Konvensiyasının daha səmərəli yerinə yetirilməsi üzrə də razılığa gəlmişlər. S.Lavrov vurğulamışdır ki, konfrans iştirakçılarının konstruktiv yanaşması növbəti Zirvə görüşünə hazırlıq istiqamətində nəzərəçarpacaq nəticələr əldə edilməsinə imkan vermişdir.

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov mətbuat konfransında qeyd etmişdir ki, Xəzəryanı dövlətlərin hər biri enerji sahəsi də daxil olmaqla regionda öz layihələrini həyata keçirir. Bu baxımdan, xarici işlər nazirlərinin vəzifəsi Həştərxan Zirvə görüşünə hazırlığı həyata keçirmək və Xəzər dənizinin dostluq və əməkdaşlıq regionu olaraq qalmasına çalışmaqdır.

 

AzərTac.az