Monakonun Knyazı II Albert “Bakı Ağ şəhər” layihəsi ilə tanış olmuşdur
Azərbaycanda səfərdə olan Monakonun Knyazı II Albert fevralın 19-da “Bakı Ağ şəhər” layihəsi ilə tanış olmuşdur.
AzərTAc xəbər verir ki, qonağa “Bakı Ağ şəhər” layihəsi haqqında ətraflı məlumat verilmişdir. Bildirilmişdir ki, bu şəhərsalma layihəsi Prezident İlham Əliyevin “2006-2010-cu illərdə Azərbaycan Respublikasında ekoloji vəziyyətin yaxşılaşdırılması üzrə kompleks tədbirlər planı” çərçivəsində həyata keçirilir.
Diqqətə çatdırılmışdır ki, Bakı buxtasının mərkəzində yerləşən və 221 hektar sahəni əhatə edən, “Qara şəhər” kimi tanınan bu ərazidə yeni inkişaf layihəsinə uyğun olaraq ən müasir və böyük yaşayış mərkəzi yaradılacaqdır. Burada, həmçinin inzibati binalar, müxtəlif ticarət mərkəzləri tikiləcək, istirahət parkları və yeni yaşayış mərkəzini dənizlə birləşdirəcək bulvar salınacaqdır. Eyni zamanda, layihə çərçivəsində köhnəlmiş sənaye obyektlərinin şəhərin hüdudlarından kənara çıxarılması, neft və neft tullantıları ilə çirklənmiş torpaqların təmizlənməsi və abadlaşdırılması nəzərdə tutulmuşdur. Layihənin hazırlanmasında yerli mütəxəssislərlə yanaşı, xarici şirkətlərin əməkdaşları da iştirak etmişlər. Yeni layihənin icrasına başlanılması xarici və yerli sərmayədarlar üçün də geniş imkanlar açır.
Qeyd olunmuşdur ki, “Bakı Ağ şəhər”in təməl daşı 2011-ci il dekabrın 24-də Prezident İlham Əliyev tərəfindən qoyulmuşdur.
“Bakı Ağ şəhər” layihəsi Monako Knyazında böyük maraq doğurmuşdur.
AzərTac.az